Ali Media Mükafatını Mingəçevirə gətirdik

Martın 14-də Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunan mərasim keçirilib. Mərasimdə Azərbay-can Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət qurumlarının, diplomatik korpusun nümayəndələri, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, media təmsilçiləri iştirak ediblər.
Mərasim Azərbaycan Mətbuat Şura-sının 15 illik fəaliyyəti ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.
Prezidentin köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib. Mətbuat Şurasının milli mətbuatımızın müasir inkişafına dəyərləri töhfələr verdiyini vurğulayan Əli Həsənov deyib: “Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi və bu qurultayda Prezident İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilib. Məktubda Azərbaycan cəmiyyətində media-dövlət, media-vətəndaş münasibətlərinin formalaşmasında, media mənsubları ilə ayrı-ayrı subyektlər arasındakı münasibətlərin sivil normalarının bərqərar olmasında Mətbuat Şurasının rolu qeyd edilib. Ötən müddətdə mətbuatın özünütənzimləmə mexanizminin, o cümlədən jurnalistlərin əxlaq kodeksinin yaradılması və media nümayəndələri arasında təbliği işində Mətbuat Şurasının fəaliyyətinə yüksək qiymət verilib. Mətbuat Şurasının fəaliyyətinə ulu öndər Heydər Əliyev də yüksək qiymət vermişdi”.
Prezidentin köməkçisi vurğulayıb ki, Mətbuat Şurası cəmiyyətimizdə, jurnalist ictimaiyyətində, bu quruma müraciət edən ayrı-ayrı vətəndaşlar arasında, həmçinin dövlət qurumları arasında nüfuz qazanıb. İnanırıq ki, Mətbuat Şurası fəaliyyətini getdikcə daha da möhkəmləndirəcək.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şura son 15 ildə Azərbaycanda söz və fikir azadlığının inkişafında böyük rol oynayıb. Mətbuat Şurası 15 il bundan əvvəl 250-yə yaxın kütləvi informasiya vasitəsi, jurnalist təşkilatı tərəfindən təsis edilib. Yarandığı gündən indiyədək Şuraya 12 mindən çox şikayətin daxil olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, Şura bütün bu şikayətləri araşdırıb və lazımi qiymət verilib. Azərbaycan dövləti Mətbuat Şurasına daim dəstək verib. Dövlətimiz Şuranın kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərini dəstəkləyib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, Mətbuat Şurası 15 il ərzində böyük inkişaf yolu keçib. BMT Azərbaycanda müstəqil medianın inkişafında maraqlıdır. Biz Mətbuat Şurası ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq çərçivəsində azərbaycanlı jurnalistlərə təlimlər keçiriləcək.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes qeyd edib ki, Mətbuat Şurası yarandığı gündən bizim qurumla sıx əməkdaşlıq edir. Mətbuat Şurası bizim uğurlu tərəfdaşımızdır.
Professor Şirməmməd Hüseynov çıxışında Azərbaycan mətbuatının tarixindən danışıb. Ölkəmizdə mətbuata xüsusi dövlət qayğısının olduğunu deyən Ş.Hüsey-nov məhz həmin qayğının nəticəsində bu sahədə xeyli nailiyyətlərin qazanıldığını vurğulayıb. O, Mətbuat Şurasının 15 illik fəaliyyətinin təqdirəlayiq olduğunu bildirərək əminliyini ifadə edib ki, mətbuat sahəsində uğurlarımız davamlı olacaq.
Daha sonra Azərbaycan jurnalistikasında xüsusi xidmətləri olan bir qrup şəxsə ali media mükafatı təqdim edilib. Bölgə mətbuatının inkişafındakı xidmətlərinə görə Ali Media Mükafatı “Mingıçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyevə verilib.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.