Neftimiz şəffaf olanda…

Neftimiz şəffaf olanda…

 

Mingəçevirdə də qeyri-hökümət təşkilatlarının tədbirləri olur. Şəhərimiz o qədər qonaq-qaralı olmasa da, təşkilatların yolunu buradan da salmağa nail olan, müxtəlif sosial layihələrin cəlb olunmasına və maariflənmənin önəmli olmasına diqqət çəkənlərə dərin təşəkkürümü bildirirəm, xüsusilə, “Mİngəçevir işıqları” qəzetinin redaktoru Fərman Nəbiyevə.

Azərbaycan kiçik bir ölkə olsa da əhalinin dolanışıq və savad səviyyəsində fərqliliklər çoxdur, rayonlarla paytaxt arasında heç bir sahədə əməkdaşlıq və fəaliyyət birgəliyi yoxdur. Paytaxtda yerləşən müxtəlif dövlət idarələrinin fəaliyyəti, onların dünyanın nüfuzlu təşkilatları ilə əlaqələri, baş verən dəyişikliklər rayon camaatı, eləcə də şəhərdə yaşayan və sadəcə pul qazanmaq üçün gecə-gündüz çalışan yoxsul insanlar üçün heç bir maraq kəsb etmir. Çünki onların bütün bu yeniliklərdən xəbəri də olmur. Rayondan yazıb göndərdiyimiz yazıların paytaxt mediasında çap olunması da hətta şans məsələsidir. Amma bütün hallarda bir-birimizə ehtiyacımız vardır. Bir-birimizdən xəbərimiz olmağa, məlumatlandırmağa, yaşadığımız çətinliklərin həllinə çıxış yolları tapmağa və bunları paylaşmağa, bir-birimizə inanmağa, yaşayış və savad fərqliliklərini yaxşıya doğru dəyişdirməyə borcluyuq. Bir ölkənin vətəndaşı olaraq, eyni problemləri yaşamağa məcbur olduğumuz kimi, bu problemlərdən birgə çıxmağa da məcburuq.

Bu dəfəki tədbirimiz “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”-nün fəaliyyəti, MHŞT-nin Azərbaycan Neft Fondu ilə bağlı hesabatları, Azərbaycanın bu təşkilatdan uzaqlaşdırılandan sonrakı fəaliyyəti, neft gəlirləri ilə bağlı məsələlər və s. Tədbirdə müxtəlif rayonlarımızdan olan qəzet redaktorları da iştirak edirdilər: Tərtər, Goranboy, Bərdə, Oğuz, Yevlax, Mİngəçevir. Mühazirəçi iqtisadçı Azər Mediyevin hazırladığı təqdimat bu haqda müəyyən qədər ətraflı məlumat verirdi. Mühazirənin mövzusu aktual və vacib olmaqla bərabər, həm də müzakirəyə səbəb olan suallarla da zəngin idi. Odur ki, həm müzakirəmiz, bəzən də mübahisələrimiz olurdu. Tədbirimiz maraqlı və yaddaqalan oldu, dəyərli məlumatlar üçün mühazirəçi Azər Mehdiyevə də öz təşəkkürümü bildirirəm. Mövzunun hələ ki, hamımız üçün vacib olduğunu nəzərə alaraq düşüncələrimi bölüşmək istədim.

NEFT GƏLİRLƏRİ: ŞƏFFAFLIQ VƏ HESABATLILIQ

Məlum olduğu üzrə, Azərbaycan Respublikası Dövlət Neft Fondu 2007-ci ildə “BMT-nin Dövlət Qulluğu Mükafatı”nın qalibi olub. Həm də Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafata layiq görülən ilk dövlət qurumu olmuşdur. Azərbaycan 2009-ci ildə MHŞT-nin tam hüquqlu üzvü olub və könüllü olaraq MHŞT-nin hesabatlarının içtimaiyyətə açıqlanmasına razılıq verib. 2017-ci ilə qədər 20 hesabat təqdim olunub, lakin nədənsə 2017-ci il mart ayının 9-da MHŞT-nin İdarə heyətinin 36-cı iclasında Azərbaycanın bu qurumdakı fəaliyyətini dayandırması haqqında qərar verilib.

MHŞT-nin İdarə Heyətini razı salmayan nə olub və nəyə görə Azərbaycan kənarlaşdırıldı?

Təbii ki, burada baş verən hadisəyə iki yanaşma var: Hökümət nümayəndəsi Şahmar Mövsümov MHŞT-nin doğru qərar vermədiyini, bu qərarın qərəzli olduğunu, qurumda olan anti-Azərbaycan qüvvələrin mövcudluğunu və fəallığının, eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin də Azərbaycana düşmən mövqeyində olmasının bu kənarlaşdırmaya səbəb olduğunu bildirir.

İqtisadçı Qubad İbadoğlu isə deyir ki, Azərbaycan höküməti Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını yerinə yetirmədiyi üçün qurumdan kənarlaşdırıldı.

Əslində Qubad İbadoğlunun dediklərində həqiqət vardır, çünki MHŞT Beynəlxalq İdarə Heyətinin Azərbaycanla bağlı qərarında kifayət qədər ciddi iradlar yer almışdır.

Həmin qərardan müəyyən fikirləri nəzərinizə çatdırmaq istərdim:” İdarə Heyəti razılaşır ki, vətəndaş cəmiyyətinin cəlbi üzrə 1.3-cü tələbdə qənaətbəxş irəliləyişə nail olunmamışdır. Müvafiq olaraq Azərbaycanın islahedici tədbirləri həyata keçirməyinə ehtiyac vardır. Bu islahedici tədbirlər İdarə Heyətini qane edəcək dərəcədə olunmaması MHŞT Standartına əsasən üzvlüyün dayandırılması ilə yekunlaşacaq. İdarə Heyəti Azərbaycanın davamlı və vaxtlı-vaxtında hesabatvermə təcrübəsini və MHŞT-nin dövlət orqanlarının hesabatvermə təcrübəsinə inteqrasiya məsələsində israrlığını alqışlayır. Buna baxmayaraq bu pozitiv aspektlər vətəndaş cəmiyyətinin prosesə cəlbində yaranmış çətinliklər qarşısında kiçik görünür”. Mənbə: “Qiymətləndirmə Komitəsinin 24 oktyabr 2016-cı il tarixli iclasının protokolu”ndan .

Bəs görəsən 1.3 tələbinə nələr daxil idi?

— Vətəndaş cəmiyyəti mühitinin yaxşılaşdırılması üçün vətəndaş cəmiyyəti təşkilatlarına maliyyələşməyə azad çıxış verməli və açıq ictimai müzakirə şəraiti yaradılmalıdır.

— Təbii ehtiyatlardan cəmiyyətin xeyrinə istifadənin idarə olunmasını təkmilləşdirmək imkanının verilməsi və sair. Və sonda da deyilir ki, bu yaxşılaşdırmalara nail olunmaması ölkənin təşəbbüs siyahısından tamamilə çıxarılmasına səbəb ola bilər.

Deməli, bu yaxşılaşdırmalar yerinə yetirilmədiyinə görə, baxmayaraq ki, 24 oktyabr 2016-cı il tarixli iclasda Azərbaycan hökümətinə 26 iyun 2017-ci ilə qədər zaman verilmişdi, ölkəmizin MHŞT-dəki fəaliyyəti dayandırıldı.

Bəli, əvvəlcə belə bir nüfuzlu təşkilata üzv olmaq üçün can atmaq, 14 il könüllü olaraq neft gəlirləri ilə bağlı şəffaflığı təmin etməyə çalışmaq, amma bu illər ərzində vətəndaş cəmiyyətinə olan münasibəti yaxşıya doğru dəyişməmək? Düşünürəm ki, bunun çox sadə açıqlaması vardır, baxmayaraq ki, hökümətin neft gəlirləri ilə bağlı fəaliyyəti heç də sadə olmayıb. Amma unutmuşdular ki, ilk zamanlar qazanılan etimad, sonrakı yetərsiz fəaliyyət üçün sığorta xarakteri daşıya bilməzdi. Çünki hər bir fəaliyyət insan rifahı, təmsil olunan hökümətin, vətəndaş cəmiyyətinə normal münasibətini ifadə etməlidir. Əgər verilən hesabatlarda bu münasibət əks olunmursa və yaxşıya doğru dəyişmirsə, o zaman təmsil olunma da qüsurlu sayılır.

MHŞT nədir və onun ölkələr üçün əhəmiyyəti nədən ibarətdir?

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökümətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.

Azərbaycan MHŞT-dən kənarlaşdırıldıqdan sonra, prezidentin 5 aprel 2017-ci il fərmanı ilə Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Komissiya şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini aşağıdakı beynəlxalq prinsiplər əsasında davam etdirir:

-Təbii ehtiyatlardan əldə olunan gəlirlərin vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir.

-Təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkan verən mühüm vasitədir.

-Dövlət orqanlarının fəaliyətində, özəl sektorda və ictimai münasibətlərdə şəffaflıq və hesabatlılıq standartları təşviq edilməlidir.

-Dövlət hasilat sənayesində əldə olunan gəlirlərin idarə olunması ilə bağlı vətəndaşlar qarşısında hesabat verilməlidir.

Doğrusu maddələrin hamısını bura yazmaq istəmirəm, çox maraqlı və vacib öhdəliklər vardır. Amma düşünürəm ki, nüfuzlu, beynəlxalq təşkilatların hesabatlarına etinasızlıq edən bir qurum, yəni Dövlət Neft Fondu, heç bir hesabat tələb etməyən, bu hesabatlar haqqında zərrəcə təsəvvürü olmayan sadə vətəndaşlara hansı məsuliyyətlə etina edəcək, onun maraqlarını nəzərə alacaq, ədalətlilik, hesabatlılıq və şəffaflıq sərgiləyəcək?

Sonda, həm dövlət, həm şirkət və sərmayəçilər, həm də vətəndaş cəmiyyəti üçün

MHŞT-nin əhəmiyyəti:

MHŞT-ni tətbiq edən ölkələr üçün təşəbbüsün əhəmiyyəti hökumət tərəfindən sərmayəçilər və beynəlxalq maliyyə institutları üçün tam şəffaf investisiya mühitinin yaradıldığını nümayiş etdirməkdən ibarətdir. MHŞT hesabatlılıq və yaxşı idarəetmənin gücləndirilməsi, habelə yüksək iqtisadi və siyasi sabitliyin inkişaf etdirilməsinə təkan verir. Bu da öz növbəsində neft, qaz və mədən sənayesi ətrafında olan mübahisələrin qarşısını almağa köməklik edir.

Təşəbbüsün şirkətlər və sərmayəçilər üçün əhəmiyyəti isə siyasi və nüfuz risklərinin azalmasıdır. Qeyri-şəffaf idarəetmə nəticəsində yaranmış siyasi qeyri-sabitlik sərmayə yatırımı üçün ciddi təhlükədir. Gəlir əldə etmək üçün yüksək kapital qoyuluşu həyata keçirilən və uzunmüddətli sabitlikdən asılı olan hasilat sənayesi sahəsində bu qeyri-sabitliyin azaldılması vacibdir. Hökumətə edilən ödənişlər sahəsində də şəffaflığın təmin edilməsi şirkətlər tərəfindən ölkəyə qoyulan sərmayələrin verdiyi töhfəni göstərməyə kömək edir.

Təşəbbüsün vətəndaş cəmiyyəti üçün əhəmiyyəti hökumətin vətəndaşların adından idarə etdiyi gəlirlər barədə ictimaiyyətə açıqlanan məlumatın və bununla da hökumətin hesabatlılığının daha da artırılmasıdır.

Hələ ki, Azərbaycanda neft yataqları var, neft istehsal olunur, satılır və büdcəmiz neft gəlirlərinə möhtacdır, bu məsələlər də hər birimizi maraqlandırmalıdır.

Mingəçevir şəhəri, Mehparə Rəhimqızı.

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *