Kömürə dönmüş ağacların harayı

Ağaclar kömürə necə çevrilir
 
Elza Gülməmmədova Azərbaycanın İsveçrəsi adlandırılan Oğuzun Xaçmaz kəndində yaşayır. Klub müdiridir. Öz işini aparmaqla yanaşı 1990-cı ildən bu yana meşələrin qırılması, kömür basdırılması ilə bağlı yaranmış acınacaqlı vəziyyətə görə rayonun , respublikanın müxtəlif təşkilatlarına müraciət edən bu qadın əvəzsiz sərvətimiz olan meşələri gəlir mənbəyinə çevirənlərə qarşı yorulmadan, həm də qorxmadan mübarizə aparır:
-Kömür basdıranlar, bu bizneslə məşğul olanlar həm meşələrimizi məhv edir, həm də havamızı, ətraf mühiti zəhərləyirlər. Kömür basdırılan ərazilərdə nəfəs almaq mümkün deyil. Bəzi ailələr dolanışıq üçün kişili, arvadlı, uşaqlı bu işlə məşğul olur. İşbazlar isə bu sahə ilə məşğul olaraq külli miqdarda gəlir götürürlər. Mən neçə illərdir ki, bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, digər qurumlara müraciət edirəm. Müəyyən tədbirlər görülsə də qənaətləndirici deyil. Meşələr bu gün də qırılır, kömür quyularından qalxan zəhərli qazlar insanların sağlamlığına amansız zərbələr vurur.
Ətraf mühitin, ekologiyanın, insanların sağlamlığının qorunmasında meşələr əvəzsiz rol oynayır. Təəssüf ki, meşə sahələrinin azalması, ekologiyanın çirkləndirilməsi ilə bağlı statistika, faktlar çox acınacaqlıdır. Statistik məlumata görə, XVIII-XIX əsrlərdə indiki Azərbaycan Respublikasının ərazisinin 35 %-i meşə ilə örtülü olduğu halda hazırda bu göstərici 11, 8 %-dir. Müasir dövrdə meşələr, əsasən, ağacların qanunsuz olaraq kəsilərək onlardan: 1) Müxtəlif diametrli kötüklərdən 5-lik taxta və digər ölçülü tikinti materialları hazırlanması; 2) Bəlli ölçüdə doğranaraq qablaşdırıcı taralar hazırlanması; 3)Odun yanacağı kimi istifadə edilməsi; 4) Kömür basdırılması yolu ilə məhv edilir.
Meşələrin qırılmasında ağacların kömür basdırılması üçün qırılması mühüm yer tutur. Çünki kömür basdırılması məqsədi ilə bilək yoğunluqdan başlayaraq ən iri diametrli ağaclaradək fərq qoyulmadan kəsilir. Bu zaman həm də kömür quyularından çıxan zəhərli qazlar onu basdıranların, digər insanların sağlamlığına çox ciddi ziyan vurur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin tədbirlər planına uyğun olaraq 2017-ci ilin aprel ayında Oğuz Meşə Mühafizəsi və Bərpası İdarəsinin nəzarətində olan meşələrdə aparılan reyd zamanı 2061,5 kubmetr 16 min 204,99 manat dəyərində qanunsuz qırıntı aşkar edilmişdir ki, bunun çox hissəsi kömür basdırılmasında istifadə edilir. 2017-ci ilin noyabrında DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumatda bildirilir ki, noyabrın 20-də keçirilən reyd zamanı kustar üsulla kömür istehsal edən 15 Oğuz rayon sakininə qarşı protokol tərtib edilmiş, müvafiq tədbirlər görülmüşdür. ETSN Meşələrin İnkişafı Departamentinin 2017-ci ilin aprel-may aylarında keçirilmiş reydləri zamanı İsmayıllı, Qəbələ, Oğuz rayonlarının onlarla sakini haqqında kömür basdırdığına görə tədbirlər görülmüşdür.
Kömür basdırmağı, satmağı, onun satış mənbələrinə çatdırılmasını biznesə çevirən, bu biznesin reallaşmasına kömək edərək gəlir götürən insanların təbiətə, insanların sağlamlığına amansız zərbələr, meşələrin, ətraf mühitin mühafizəsinə, qorunmasına dəhşətli ziyan vuraraq böyük məbləğdə gəlirlər əldə edirlər. Kömürə dönən yaşıl ağacların, kömür quyularından qara tüstü şəklində qalxan zəhərli qazların çirkləndirdiyi havaların, onu udan insanların sağlamlığının qopardığı fəryadın eşidilməsi, maarifləndirmə və aid qurumların fəaliyyətinin gücləndirilməsi yolu ilə meşələrin dəhşətli dərəcədə məhv edilməsində çox böyük payı olan kömür basdırılmasının qarşısının alınması vacibdir. Ekoloji ədəbiyyatda göstərilir ki, 1 hektar ən yaxşı meşə sahəsi hər il 4,6-6,5 ton karbon qazı udur və bu zaman 3,5-5,0 ton oksigen ayrılır. Bunu illərə vurduqda görün neçə ton edir. 1 hektar meşə ərazisini qırıb 12-15 ton kömür hazırlamaq mümkündür. Amma bu zaman həmin meşə demək olar ki, tamamilə məhv edilir.
Qəbələ rayonunda fəaliyyət göstərən “Ekologiyanın Qorunmasına Kömək” İctimai Birliyinin sədri Sadıq Sadıqov:
— Bir çox bölgələrdə olduğu kimi Qəbələ və Oğuz rayonlarında da ağacların qanunsuz olaraq müxtəlif məqsədlər üçün kəsilməsi nəticəsində meşələrə böyük ziyan dəymişdir. Kömür basdırılması həm cavan ağacların qırılmasına, həm də onu basdıranların və ətrafda yaşayanların zəhərli qazların təsiri ilə xəstələnməsinə səbəb olur. Qeyd edək ki, son illərdə qəsəbə və kəndlərin əksəriyyəti qazlaşdırılmışdır. Buna görə meşələrin qırılması axır vaxtlarda xeyli azalmışdır. Bununla yanaşı hələ də bəziləri ağac kömürü hazırlamaqla məşğul olaraq meşələrə qənim kəsilmişdir. Qəbələ, Oğuz və digər rayonlarda ağac kömürünü satmaq məqsədilə meşələr qırılır. Bu da həm ətraf mühitin çirklənməsinə, həm də meşələrdə cavan ağacların azalmasına səbəb olur. Havada oksigenin azalması və karbon qazının artması nəticəsində insanların sağlamlığına ciddi ziyan dəyir. Kömür hazırlanması üçün meşələrdə ancaq vaxtı ötmüş, yaşlı ağaclardan istifadə edilməsi məshələtdir. Meşə gözətçiləri bu məsələlərə nəzarəti artırmalıdırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oğuz Meşələrin Bərpası və Mühafizəsi İdarəsinin hüquqşünası Araz Xudiyev:
— Son illərdə ağacların qanunsuz olaraq müxtəlif məqsədlər, o cümlədən kömür hazırlanması üçün qırılması nəticəsində meşələrə külli miqdardsa ziyan vurulmuşdur. Diametri 3-4 sm-dən başlayaraq ağaclar kömür hazırlanması məqsədilə seçilmədən, fərq qoyulmadan, əyriliyi-düzlüyü, cavanlığı-qocalığı nəzərə alınmadan kəsilir. Bir sözlə, meşələrə ən böyük ziyan kömür basdırılması yolu ilə vurulur. Konstitusiyada, qanunvericilikdə, “İnzibati xətalar” Məcəlləsində meşələri qıranlara qarşı cəzalar və cərimələr nəzərdə tutulur. Onların tətbiq edilməsi nəticəsində hər yedə olduğu kimi Oğuz rayonunda da meşələrdən qanunsuz olaraq ağac kəsənlər, o cümlədən kömür basdıranlar cəzalandırılır. Onlara şərait yaradan meşə işçiləri haqqında müvafiq tədbirlər görülməklə işdən azad edilirlər. Bu fəlakətin qarşısının alınması üçün həm meşə işçiləri, həm aid qurumlar, həm də ictimaiyyət kömür biznesi ilə məşğul olanlara qarşı mübarizəni gücləndirməlidir. Ərazidə yaşayan insanlar — həm kömür basdıranlar, həm də kömürün zəhərli tüstüsünü udanlar arasında maarifləndirmə işləri genişləndirilməlidir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *