Mingəçevirin İctimai Şurası fəaliyyətini davam etdirir
İctimai Şuranın iclasında fəaliyyətin davam etdirilməsi və şəhərin aktual problemləri ilə bağlı iş planının hazırlanması qərara alınıb.
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Şuranın fəaliyyətinin davam etdirilməsi, habelə şəhərin sosial-iqtisadi və kommunal problemləri ilə bağlı məsələlər müzakirə olunub.
İctimai Şuranın sədri Fərman Nəbiyev bildirib ki, qanunvericiliyə uyğun olaraq Şuranın səlahiyyət müddəti iki ildir və cari tərkibin müddəti 2024-cı ilin iyul ayında başa çatıb. Lakin növbəti seçkilərin keçirilməsi barədə İcra Hakimiyyəti tərəfindən hələlik rəsmi elan verilməyib. Buna görə də seçkilər keçirilənədək Şuranın fəaliyyətinin davam etdirilməsi zəruri hesab olunur.
Müzakirələr zamanı çıxış edən İŞ üzvləri bu mövqeyi dəstəkləyiblər. Zahid Qasımlı qanunvericilikdəki müəyyən boşluqlara diqqət çəkərək, İctimai Şuranın fəaliyyətini davam etdirmək hüququnun olduğunu vurğulayıb. Əbülfət Babayev qeyd edib ki, ictimai qurumlarda çalışmaq istəyənlərə imkan yaradılmalıdır. Yeganə Nəbiyeva isə Şuranın fəaliyyətinin davam etdirilməsinin vacibliyini bildirərək, şəhər sakinləri ilə görüşlərin və “Açıq qapı” günlərinin keçirilməsini təklif edib.
İclas yekdilliklə qərara alıb ki, İctimai Şuranın mövcud tərkibdə fəaliyyəti növbəti seçkilər keçirilənədək, lakin iki ildən çox olmamaq şərtilə davam etdirilsin.
Gündəliyin ikinci məsələsi isə 2026-cı ilin oktyabr-dekabr ayları üçün iş planının hazırlanması olub. Üzvlər şəhərin aktual problemlərini diqqətə çatdırıblar.
İnqilab Şirinli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə ehtiyac olduğunu və Kür çayının sahilindəki biabırçı vəziyyəti vurğulayıb. Vaqif Həsənov şəhərdə yığılıb qalmış problemlərin və sahibkarların əziyyət çəkdiyini qeyd edib. Zahid Qasımlı Dövlət Su Ehtiyatları Agentliyinin yerli idarəsinin suvarma xətlərini kəsməsi və su haqqını ödəməyən imkanlı vətəndaşların mövcudluğu barədə danışıb. Əliağa Bəndalıyev qəbul olunan qərarların icrasındakı çətinliklərdən bəhs edərək xeyir-şər mağarasına quraşdırılmış su sayğacı ilə bağlı yaşanan vəziyyəti nümunə gətirib. Yeganə Nəbiyeva isə kanalizasiya quyularının bəzilərində qapaqların keyfiyyətsizliyinə diqqəti çəkib və sakinlərlə görüşlərin, dövlət qurumlarının nümayəndələri ilə əməkdaşlığın gücləndirilməsini təklif edib. Rizvan Mikayıllı konkret 3 aylıq iş planının hazırlanmasını məqsədəuyğun sayıb.
İclasda qərara alınıb ki, irəli sürülən təkliflər – dam örtükləri, sahibkarlıq mühiti, Kür sahilinin vəziyyəti, su təchizatı, kanalizasiya infrastrukturu, əhali ilə görüşlər və digər məsələlər nəzərə alınmaqla 3 aylıq iş planı hazırlansın. Bu məqsədlə konkret təkliflərin sentyabrın 30-dək WhatsApp qrupuna göndərmək qərara alınıb.
Mingəçevir Resurs Mərkəzinin konfrans zalında baş tutan iclas çay süfrəsi ətrafında başa çatıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.