Mingəçevirin ilk data-jurnalistika platforması!

Regionlar “Yaşıl Yol Xəritəsi” ilə davamlığı artırır

Autizm sindromlu gəncin ilhamı, Könülün ev şirniyyatları, Mehman Xəlilovun ümidi… Bütün bunlar sadəcə layihə deyil, insanları birlikdə daha gözəl gələcəyə aparan dayanıqlı tədbirlərin başlanğıcıdır.

1

Bölgələrdə dayanıqlı tədbir mədəniyyətinə doğru

Gəncədə “Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyinin sədri Mehman Xəlilov 2026-cı il iyulun 3-də təlim zalına daxil olanda tarixi bir təsadüfə diqqət çəkdi. Həmin gün Ümumdünya Plastikdən İstifadənin Qarşısının Alınması Günü idi. “Bu biliklər ölkədə dayanıqlı tədbir mədəniyyətinin formalaşmasına real töhfə verəcək,” – dedi o. Sözləri sadəcə bəyanat deyildi. Üç regionda başlayan “Yaşıl Yol Xəritəsi” layihəsinin məhz bu ruhla irəlilədiyinin ilk siqnallarından biri idi.

2026-cı il mayın 1-dən “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi (MVA) Qarabağ, Gəncə-Daşkəsən və Mərkəzi Aran iqtisadi rayonlarına “Yaşıl Yol Xəritəsi”ni gətirdi. Layihənin məqsədi dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatlarına tədbirlərini daha davamlı, ətraf mühitə uyğun, sosial-iqtisadi cəhətdən faydalı və inklüziv etmək bacarıqlarını aşılamaq, eyni zamanda “Davamlı Tədbirlər Bələdçisi”nin hazırlanmasına mentor dəstəyi göstərmək idi. Layihə rəhbəri, MVA-nın prezidenti, Əməkdar jurnalist Fərman Nəbiyev qeyd edir ki, dünyanın bir çox ölkəsində təşkilatlar artıq tədbirləri sadəcə keçirməklə kifayətlənmir. Dayanıqlılıq dövri iqtisadiyyat prinsiplərinə əməl etmək, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləmək və ekoloji izi azaltmaq deməkdir. “Yaşıl Yol Xəritəsi” regionlarda bu istiqamətdə ilk sistemli addımlardan biri kimi qiymətləndirilə bilər. 2026-cı il avqustun sonunadək davam edən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Real ehtiyaclara uyğunlaşdırılmış yanaşma

Layihənin ilk ayında Mingəçevir, Gəncə və Bərdədə hökumət, QHT və kommersiya qurumlarının nümayəndələri ilə görüşlər keçirildi. Məqsəd və gözlənilən nəticələr izah olundu, təlim məkanları müəyyənləşdirildi, benefisiar siyahıları formalaşdırıldı. MVA-nın mövcud bələdçisi regionların real ehtiyaclarına uyğunlaşdırıldı, 25 mövzunu əhatə edən sənəd toplusu üzərində iş aparıldı. Materiallar Dortmund Beynəlxalq Təhsil Mərkəzinin (IBB) “Azərbaycanda vətəndaş iştirakçılığının gücləndirilməsi” layihəsinin və “Events for Future” proqramının təcrübəsinə əsaslanırdı. Layihə rəhbəri, təlimçi və ekspertlər məhz bu proqramın məzunlarıdır.

Regionlarda təlimlər

Bərdə (19–21 iyun). Üçgünlük təlim iştirakçıları əvvəlcə onlayn sorğu anketini doldurdular. Fərman Nəbiyev layihəni təqdim etdi, təlimçi Sahib Məmmədov (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası) davamlı tədbirlərin idarə edilməsi, ekoloji iz, məkan seçimi, inklüziv yanaşmalar, qidalanma, standartlar və sertifikatlar mövzularını ətraflı izah etdi. Qrup tapşırıqları – xüsusən açıq məkanda dayanıqlı tədbirin təşkili və bələdçinin ilkin variantının hazırlanması – uğurla yerinə yetirildi. Təlim zamanı kağız və plastikdən demək olar ki, imtina edildi: materiallar WhatsApp qrupu vasitəsilə paylaşıldı, su şüşə qablarda kəhriz suyundan verildi, tullantılar üçün çeşidləmə torbaları qoyuldu.

Gəncə (3–5 iyul). Eyni formatda keçirilən təlimlər praktiki bacarıqların formalaşmasına yönəldi. İştirakçılar real ssenarilər üzrə ekoloji izin hesablanması, dayanıqlı idarəetmə planı və bələdçi hazırlanması tapşırıqlarını yerinə yetirdilər. Mehman Xəlilov təlimin plastikdən imtina günündə başlamasını xüsusi qeyd etdi və belə biliklərin ölkədə dayanıqlı tədbir mədəniyyətinin formalaşmasına töhfə verəcəyini vurğuladı. Yaşıl qaydalar eyni şəkildə tətbiq olundu.

Mingəçevir (10–12 iyul). Bu təlim inklüzivlik və yerli uğur hekayələri ilə fərqləndi. Cəmi 9 nəfər nəzərdə tutulmasına baxmayaraq, 9 qadın və 6 kişi iştirak etdi. Anası ilə birlikdə gələn autizm sindromlu gənc qrup işlərində fəal iştirak edərək hər kəsə ilham verdi. Kofe-breyklərdə yerli sakin Könül Məmmədovanın evində hazırladığı təbii şirniyyatlar təqdim olundu. Könül üç il əvvəl Mingəçevir Resurs Mərkəzinin “Mingəçevirdə Valideyn Təlatümü” layihəsi çərçivəsində şirniyyat peşəsini öyrənmişdi və indi kiçik biznesini inkişaf etdirir. O, məhsullarını gətirməklə həm ekoloji yükü azaltdığını, həm də öz biznesini dəstəklədiyini bildirib. Layihə rəhbəri və təlimçi beynəlxalq standartları yerli reallıqlara uyğunlaşdırma yollarını təqdim etdilər.

Onlayn dəstəklə bələdçilər formalaşdı

İyulun 30-da Zoom platforması üzərindən onlayn görüşlər keçirildi. Ekspert Azər Ramazanov (“Yaşlıların Təhsili Assosiasiyası”) biznes, dövlət və QHT nümayəndələrinə “Davamlı Tədbirlər Bələdçisi”nin hazırlanması, planlaşdırma, monitorinq, enerji və suya qənaət, rəqəmsal materiallardan istifadə üzrə praktiki məsləhətlər verdi. O, bələdçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə çatmaqda mühüm sənəd olduğunu və donor etibarını artırdığını vurğuladı.

İyulun 16-dan avqustun 15-dək 3 dövlət, 3 QHT və 3 kommersiya təşkilatına fərdi onlayn mentor dəstəyi göstərildi. Xüsusilə “Bilik və Maarifçiliyin İnkişafı” (Gəncə), “Ekoloji İnformasiya” (Bərdə), Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (Mingəçevir) və “Davamlı İnkişaf” Hazırlıq və Peşə Kursları Mərkəzinə (Gəncə) WhatsApp üzərindən məsləhətlər verildi.

13 avqust 2026-cı ildə sonuncu Zoom görüşləri təşkil olundu. Bələdçini hazırlayan 2 vətəndaş cəmiyyəti, 1 dövlət və 1 biznes təşkilatının nümayəndələri öz “Davamlı Tədbirlər Bələdçisi”ni təqdim etdi, sualları cavablandırdı və əlavə tövsiyələr aldı.

Praktik nümunələr və yeni yanaşma

“Yaşıl Yol Xəritəsi” regionlarda dayanıqlı tədbir təşkili mövzusunda ilk sistemli təlimləri həyata keçirməklə yanaşı, praktik nümunələr də nümayiş etdirdi: tullantıların çeşidlənməsi, rəqəmsal materiallardan istifadə, yerli məhsullara üstünlük verilməsi, inklüzivlik və gender balansı. Layihə çərçivəsində hər üç region üzrə tullantı miqdarının azaldılmasına şərait yaradılması da hədəflənib.

Fərman Nəbiyevin sözləri ilə desək, bu təşəbbüs sadəcə bir layihə deyil, bölgələrdə yeni bir yanaşmanın – tədbirləri ətraf mühitə və cəmiyyətə hörmətlə təşkil etməyin – formalaşmasına töhfədir. Hazırlanan bələdçilər isə iştirakçı təşkilatlar üçün gələcəkdə “stolüstü kitab” statusunda qalacaq.

…Mehman Xəlilov Gəncədə təlimə qatılanlardan biri kimi yalnız bilik almadı. Onun rəhbərlik etdiyi “Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyi fərdi mentor dəstəyi alan təşkilatlardan biri oldu və öz “Davamlı Tədbirlər Bələdçisi”ni hazırladı. Onun plastikdən imtina günündə səsləndirdiyi fikirlər artıq real addımlara çevrilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.