Mingəçevirin ilk data-jurnalistika platforması!

Mingəçevirdə kitabın itən ünvanları

Kitab mağazaları bağlanıb və kitab satışı əsasən keçmiş mərkəzi bazarın zirzəmisində həyata keçirilir. Üstəlik kitabxana filiallarının azalması, 2026-cı ilin iyul ayından attestasiyaya başlanması uzun illər çalışan kitabxanaçıları qorxudur

30

Kitab mağazaları zirzəmiyə köçdü

Mingəçevirdə keçmiş mərkəzi bazarın altında rəflər qarışıqdır, işıq zəifdir, hava ağırdır. Uşaq kitabı axtaran ana, tələbə, sadəcə oxumaq istəyən adam,  dərs vəsaitləri, test topluları, bir də bədii ədəbiyyat axtaran şəxs bu dar, tozlu məkana gəlir. Sovetlər vaxtında bazarın zirzəmisi olan, qatıq, pendir, göy-göyərti satılan yer indi bir çox istehlak mallarının, o cümlədən kitabların  satış ünvanına çevrilib.

Ötən əsrin 90-cı illərinə qədər şəhərdə üç böyük kitab mağazası var idi. Onlar “özəlləşdirməyə” tab gətirmədi və bağlandı. Yerləri başqa bizneslərə verildi. 2018-ci ildə “Kitabım” adlı kiçik mağaza-kafe də var idi, amma bu gün onun da sadəcə ünvanı qalıb. Ölkəmizin dördüncü şəhərində böyük, səliqəli, rahat oturub kitab vərəqləyə biləcəyimiz bir mağaza-kafe yoxdur.

Kitabxanaların yaddaşı

Mingəçevirdə ilk kitabxana 1956-cı ildə açılıb. Kiçik otaqda cəmi 4229 nüsxə kitabla. 1978-ci ildə isə sistem mərkəzləşdirilib, yəni Mingəçevir Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılıb. O zaman:

  • M.P. Vaqif adına Mərkəzi kitabxana + 11 filial
  • Kitab fondu: 315 074 nüsxə
  • İllik kitab verilişi: 777 543 nüsxə
  • Oxucu sayı: 42 244 nəfər.

İşçi heyəti 66 nəfər idi. Onların təhsil səviyyəsi belə bölünürdü:

  • 7 nəfər ali ixtisas
  • 5 nəfər ali (başqa ixtisas)
  • 17 nəfər orta ixtisas
  • 14 nəfər orta qeyri-ixtisas
  • 23 nəfər ümumi orta

Rəqəmlərdən göründüyü kimi, sistemdə daha çox orta təhsillilər çalışırdı. Bu insanlar illərlə təcrübə qazanmışdılar. Filiallarda adətən 2-3 nəfər işləyirdi. Onlar uşaqlara hekayə oxuyur, yaşlılara kitab seçməyə kömək edir, məktəblərlə əlaqə saxlayır, fondun tozunu silirdilər. Bu, statistikadan daha çox gündəlik insan əməyi idi.

2010-cu illərin əvvəllərində şəhərdə məktəb və digərləri də daxil olmaqla 52 kitabxana mövcud olub və ümumi fond təxminən 877 min nüsxəyə çatıb. Sonrakı illərdə filial sayı azalmağa başlayıb. 2014-cü ildə ictimai kitabxanaların sayı 13-ə, fond isə 258–279 min nüsxəyə enib. Bu gün Mərkəzi Kitabxana Nigar Rəfibəyli küçəsində qalır, bəzi filiallar (M.Ə. Sabir 6 saylı, H. Cavid 11 saylı və s.) hələ mövcuddur. Amma ümumi mənzərə aydındır: sistem daralır, ünvanlar itir.

Attestasiya: rəsmi məqsəd və yaşanan reallıq

2026-cı ilin iyulundan Mədəniyyət Nazirliyi mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan əməkdaşların, xüsusilə İT mütəxəssisləri, operatorlar, sistem inzibatçılarının attestasiyasına başlayıb. Rəsmi rəqəm: 1100-dən çox şəxs iştirak edib. Nazirlik prosesi “peşəkarlıq səviyyəsinin yüksəldilməsi, rəqəmsal bacarıqların yoxlanılması və xidmət keyfiyyətinin artırılması”,  “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasına uyğun modernləşmə” kimi təqdim edir. Keçməyənlərin əlavə təlimə cəlb oluna biləcəyi də deyilir.

Amma Facebook qruplarında və digər sosial şəbəkələrdə səslər fərqlidir. Kitabxanaçılar yazırlar:

  • “Bizə öz işimizə aid olmayan suallar verirlər. 20 ildir oxucuya xidmət edirəm, mənə sistem inzibatçılığı və ya qanunvericiliyin detalları haqqında suallar verirlər.”
  • “Təcrübəli, illərlə çalışan insanlar barədə ‘uyğun deyil’ qərarı verilir, təzə gələnlər isə işdə qalır.”
  • “Sualların bir hissəsi heç bizim gündəlik işimizlə bağlı deyil. Bu, bilik yoxlamasından çox, kimin qalacağına qərar vermək kimidir.”

Bu iddialar hələ rəsmi araşdırma ilə təsdiqlənməyib. Amma səslərin sayı artır. Təcrübəli işçilər özlərini təhlükədə hiss edir. Onlar deyirlər ki, illərlə oxucu ilə qurulan münasibət, yerli bilik, insan amili heç bir testlə ölçülmür. Rəqəmsal bacarıq vacibdir – bu, inkar edilə bilməz. Lakin 20–30 illik təcrübənin birdən-birə “uyğunsuz” sayılması bir çoxunu sarsıdıb.

Uzun illər kitabxanada çalışan insanlar üçün bu, sadəcə imtahan deyil. Bu, ömür boyu apardıqları işin, tanıdıqları uşaqların, kömək etdikləri yaşlıların, tozunu sildikləri kitabların dəyərsizləşməsi kimi gəlir. Onlar deyirlər: “Biz kitabı sevirik. Amma indi kitabı sevmək kifayət etmir. Testi keçmək lazımdır.”

Modernləşmə insanı unutmamalıdır

Mingəçevir Mərkəzi Kitabxana Sistemində illərlə həm mərkəzi kitabxanada, həm də filiallarda normal iş şəraiti yaradılmayıb. Xüsusilə qış aylarında binalar soyuq, yay aylarında isə isti olur və bu problem bu günə qədər davam edir.

Mərkəzi kitabxana yaşayış binasının birinci mərtəbəsində yerləşir. Təəccüblüdür ki, eyni binanın ikinci və yuxarı mərtəbələrinə istilik verildiyi halda, birinci mərtəbəyə istilik sistemi qoşulmayıb. Halbuki istilik boruları məhz birinci mərtəbədən keçir. Bu vəziyyət həm işçilərin, həm də oxucuların rahatlığını ciddi şəkildə pozur və kitabxananın normal fəaliyyətinə mane olur.

1956-cı ildə 4229 nüsxə ilə başlayan sistem 1978-ci ildə 11 filial və 42 min oxucu ilə böyümüşdü. Bu gün isə mağazalar bağlanıb, filiallar azalıb, əsas satış məkanı zirzəmiyə enib, təcrübəli kitabxanaçılar isə attestasiya qorxusu ilə yaşayır.

Modernləşmə lazımdır. Rəqəmsal bacarıqlar vacibdir. Amma modernləşmə insanı unutmamalıdır. Təcrübəli işçini “uyğunsuz” elan edib, yerinə təcrübəsizini saxlamaq sistemi gücləndirmir, əksinə onu köklərindən qoparır.

Kitab yalnız kağız deyil. O, insanın əlindən ələ, bir nəsildən digər nəslə ötürülən yaddaşdır. O yaddaşı qoruyan insanlar isə indi öz gələcəklərindən əmin deyillər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.