“Yaşıl enerji” hədəflərinə töhfə: Mingəçevirdə ekoloji maarifləndirmə aparılıb
Layihə çərçivəsində müasir ekoloji çağırışlar və bərpaolunan enerji texnologiyaları müzakirə edilib.
30 sentyabr 2026-cı ildə Mingəçevir Resurs Mərkəzinin konfrans zalında “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP şirkətinin dəstəyi ilə “Neftçilər yeni dövrün yaşıl enerji mühəndisləri kimi” layihəsi çərçivəsində tədbir keçirilib. Məqsəd iqlim dəyişikliyi ilə mübarizə kontekstində yerli və regional səviyyədə maarifləndirmənin artırılması, həmçinin yaşıl enerji sistemlərinə keçid prosesinin təşviqi olub.
Tədbirdə layihə rəhbəri Həmid Xəlilov, təlimçi-ekspertlər Amin Məmmədov və Sadıq Həsənov, Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri, Gənclər Evinin könüllüləri, eləcə də şəhərdə ekoloji sahədə fəaliyyət göstərən QHT rəhbərləri iştirak ediblər.
Layihənin təlimçi-ekspertləri müasir ekoloji çağırışlar və bərpaolunan enerji texnologiyalarına dair geniş təqdimatlar ediblər. Təqdimatlarda son illər ölkədə iqlim dəyişikliyinin fəsadlarının azaldılması və alternativ enerji mənbələrinin payının artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti və mühüm layihələr diqqətə çatdırılıb. Yekunda interaktiv diskussiya aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Aparılan müzakirələr və irəli sürülən təkliflər regionda ekoloji maarifləndirmənin davamlılığını təmin etməyə, eyni zamanda ölkəmizin “yaşıl enerji” ölkəsinə çevrilməsi istiqamətindəki milli hədəflərə töhfə verməyə yönəlib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.