data.org.az 2019-cu ildə Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı “Uluçay” “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin hazırladığı siyasi icmalı təqdim edir.
XÜLASƏ
PROBLEMLƏR
-
Seçkilər sönük və qeyri-şəffaf keçirilir. Əvvəllər küçələri dolduran bannerlər, namizədlərin məhəllə görüşləri, yerli KİV və TV-lərdə bununla bağlı aparılan diskussiyalar, debatlar və s., seçkilərlə maraqlanmayan insanlarda da dönüş yaradırdı və onlar layiqli namizədləri dəstəkləmək üçün seçkilərdə iştirak etməyi özlərinin vətəndaşlıq borcu sayırdılar. İlk bələdiyyə seçkilərində bu aktivlik normal səviyyədə idi. Hal-hazırda keçirlən seçkilərdə bu məsələlərin diqqətdən kənarda qalması insanlarda qeyri-müəyyənlik yaradıb və prosesin gedişindən məmnun görünmürlər.
-
Bələdiyyələrin qeyri – şəffaf və qeyri – konstruktiv fəaliyyəti əhalidə onlara qarşı inamı azaldıb. Çünki, onlar icma əhalisinin sosial problemlərinə əhəmiyyətli bir dəstək verə bilmirlər və xalqla təmasları aşağı səviyyədədir. Ona görə də, yerli əhali bu qurumu ancaq torpaq satan idarə kimi xarakterizə edir.
-
Bələdiyyə ərazisində yaşayan əhalinin rifahının yaxşılaşdırılmasına bu qurumun təsiri hiss olunmur.
-
Vətəndaşlar qarşısında hesabatlılıq təmin edilmir və xərclənmiş vəsaitə görə əhaliyə mütəmadi məlumatlar verilmir.
-
Bələdiyyə ərazisində, bələdiyyələrə məxsus dayanıqlı gəlir gətirən sahələr çox azdır.
-
Bələdiyyə institutu barədə anlayışı, düşüncəsi və innovativ yanaşmaları olmayan, tutduğu vəzifənin məsuliyyətini anlamayan, məsul olduğu sahənin inkişafını ön planda görməyən insanların seçkilərdə bələdiyyələrə seçilməsinin dəstəklənməsi də, bu quruma olan inamsızlığa təkan verən əsas faktorlardan biridir.
-
Administrativ işlər/planlaşdırma prosesi professional səviyyədə aparılmır və fəaliyyət planlarında uyğunsuzluqlar çoxdur.
-
Maraqlı tərəflərə hesabatlar təqdim edilmir və digər təşkilatlarla əməkdaşlıq əlaqələri, ancaq yuxarıdan verilən göstərişlər əsasında qurulur.
-
Bələdiyyələrin müxtəlif mənbələrdən topladıqları vəsaitlər, eləcə də, dövlət tərəfindən ayrılan subsidiyalar səmərəsiz xərclənir. Bu vəsaitlərin əksər hissəsi (təqribən 53-55%-i) həmin qurumların aparatının saxlanmasına və digər xərclər adıyla (17,5%) lüzumsuz yerlərə xərclənir.
-
Sosial-iqtisadi məsələlərə dair qərarların qəbul olunmasında şəffaflıq olmadığından, əhalinin bu prosesə təsir etmək imkanları məhduddur.
-
Normal hüquqi aktlar olsa da, bələdiyyələrin çoxu minimal resurslar çərçivəsində belə işlərini qura bilmirlər. Bu onunla bağlıdır ki, bələdiyyəyə rəhbərlik edənlərin və üzvlərinin əksəriyyətinin müasir idarəetmə təcrübəsi, eləcə də, novatorluğu yoxdur.
-
Kağız üzərində kifayət qədər səlahiyyətləri olmalarına baxmayaraq, yeniliklərə açıq deyillər. Bunun nəticəsidir ki, bələdiyyələrdə aktiv fəaliyyət və innovativ yanaşma yoxdur, vəziyyəti stabilləşdirmək və uğur əldə etmək üçün heç bir cəhd göstərilmir.
-
Digər və bəlkə də ən əsas səbəblərdən biri bələddiyyələrin maliyyə dayanıqlığı ilə əlaqəlidir. Bələdiyyələrin gəlir və xərcləri ilə bağlı statistik göstəricilərə baxanda belə qənaətə gəlmək olur ki, əgər bələdiyyələrin torpaq satışından əldə etdikləri mənfəət olmasa, bu halda bütün bələdiyyələr öz aparatını belə saxlamaq iqtidarında deyillər (əslində bu qurumda çalışan insanların sayı da hədsiz çoxdur). Təbii ki, bu sahədən əldə edilən gəlir bir vaxtlardan sonra olmayacaq, yəni torpaq sahələri sonsuz deyildir və bu gəlir mənbəyi tükənmək üzrədir.


Şərhlər bağlıdır.