Mayın 19-da Mingəçevirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib. Onların əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdış məsələləri üstünlük təşkil edib.
R.Rzayev bildirib ki, Mingəçevirdə dövlət vəsaiti hesabına tikilən və məcburi köçkünlərə verilən 30 mənzilin hazırda məhkəmə yolu ilə boşaldılmasına qərar verilib: “Həmin mənzillər qazi və şəhid ailələrinə veriləcək”.
Mingəçevirdə mənzil şəraitini yaxşılaşdırmaq istəyən məcburi köçkünllərə komitə sədri Kürdəmir, Füzuli və digər yerlərdə boş olan mənzil və evləri təklif edib, yerli qaz istismarı idarəsində çalışan şəxsə həmin rayona köçəcəyi təqdirdə rayondakı qaz idarəsində uyğun işin veriləcəyinə kömək göstərəcəyini deyib.
Qıbulda iştirak edən Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev QHT-nin köçkünlərin qayıdışı ilə bağlı layihə həyata keçirdiyini, sorğu və görüşlər zamanı ciddi narahatlıq doğuran problemləri üzə çıxardığını diqqətə çatdırıb. O, eyni zamanda qeyd edib ki, köçkün əhali qayıdışa qədərki dövrdə istək və ehtiyaclarına uyğun peşələri öyrənmək, işğaldan azad olunmuş rayonlarda işlərə cəlb olunmaq, hazırda dünyasını dəyişən əzizlərini Qarabağda dəfn etmək niyyətindədir.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən 2026-cı ilin mart ayına kimi "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktoru olub. Hazırda Mingəçevir Valideynlər Assosiasiyasına, Mingəçevir Resurs Mərkəzinə, data.org.az və iya.az səhifələrinə rəhbərlik edir. Əməkdar jurnalist fəxri adına, Azərbaycan mətbuatının 150 illik yubiley medalına, "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına layiq görülüb.
Növbəti yazı
Şərhlər bağlıdır.