Mingəçevir musiqi məktəbində pul mənimsənilib, amma direktor və müavinə cinayət işi açılmayıb
Direktor Vüsal Məmmədov və direktor müavini Lalə Əliyevanın əməkhaqqı cədvəllərini saxtalaşdıraraq, pul mənimsədikləri barədə nəzəriyyə müəllimi Mənsurə Əsgərovanın Baş Prokurorluğa müraciəti nə ilə nəticələndi?
Araşdırma nə göstərdi?
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində 2025-ci ildə baş verdiyi iddia olunan əməkhaqqı pozuntuları ilə bağlı prokurorluq araşdırması başa çatıb. Böyük məbləğdə mənimsəmə iddialarına 14 aprel 2026-cı il tarixli qərarla cinayət işi açılmayıb.
Prokurorluq müəyyən edib ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Mənsurə Əsgərova faktiki olaraq dərs keçməsə də, onun əməkhaqqı kartına 2757,82 manat vəsait köçürülüb. Bu pulları məktəbin nəzəriyyə şöbəsinin müdiri Xuraman Alıyeva nağdlaşdırıb. Xuraman Alıyeva prokurorluqda izahat verərək əməli etiraf edib, pulu tam olaraq qaytarıb (2758 manat) və zərərçəkmişlə, yəni Regional Mədəniyyət İdarəsi ilə barışıb. Buna görə də barəsində Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə cinayət təqibi başlanmayıb.
Direktor Vüsal Məmmədov və müavin Lalə Əliyeva barəsində əsas ittihamlar (qrup halında mənimsəmə və vəzifə səhlənkarlığı) Mingəçevir şəhər prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Rəfael Tağıyevin araşdırmasında sübutunu tapmayıb. Prokurorluq əməkhaqqı cədvəllərinin Regional Mədəniyyət İdarəsi tərəfindən yoxlanıldığını və köçürmələrin idarə vasitəsilə aparıldığını əsas gətirib.
Açıq qalan və narahatlıq doğuran məsələlər
Necə ola bilər ki, müəllimin 9-10 ay ərzində ümumiyyətlə işə gəlməməsi, tabelə imza atmaması və sinif jurnalında dərs qeydlərini aparmaması aşkarlanmayıb? Tədris işləri üzrə direktor müavini məhz bu sənədlərə nəzarət etməlidir. Əgər bu mexanizmlər işləməyibsə, bu, sadəcə “bir müəllimin fırıldağı” deyil, idarəetmədə sistemli boşluq və laqeydlik deməkdir.
Eyni zamanda Xuraman Alıyevanın hələ də nəzəriyyə şöbəsinin müdiri vəzifəsində qalması başadüşülən deyil. Pul mənimsəmə əməlini törətmiş, etiraf etmiş şəxsin nəzəriyyə müəllimlərinə rəhbərlik etməsi sadəcə qəbuledilməzdir. O, başqalarına örnək olmalı idi…
Mədəniyyət Nazirliyi və Regional İdarə ciddi kadr dəyişikliyi etməzsə…
Prokurorluq direktor və direktor müavininin bu sayaq idarəetməsində cinayət tərkibi görməsə də, hadisə əmək intizamı, daxili nəzarət və məsuliyyət baxımından ciddi suallar yaradır. Mədəniyyət Nazirliyi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi artıq susqun mövqedə dayanmamalıdır. Ən azından direktor Vüsal Məmmədov və müavin Lalə Əliyeva barəsində ciddi intizam tədbirləri görülməlidir – ciddi xəbərdarlıqdan tutmuş işdən çıxarılmaya qədər. Xuraman Alıyevanın şöbə müdiri vəzifəsində qalması qəbuledilməzdir. Məktəbdə tabel, jurnal, attestasiya və əməkhaqqı mexanizmlərinin effektivliyi ilə bağlı tam daxili yoxlama aparılmalıdır.
Şəffaflıq və hesabatlılıq təhsil müəssisələrində ən vacib prinsiplərdir. Bu hadisə dövlət büdcəsi vəsaitlərinin idarə olunmasında nəzarətin zəifliyini açıq şəkildə ortaya qoydu. Bir tərəfdən pul geri qaytarılıb, digər tərəfdən isə məktəbdaxili nəzarət mexanizmlərinin iflası açıq-aşkar görünür. Mədəniyyət Nazirliyi və Regional İdarə məsələyə formal yanaşaraq susqun qalsa, məktəbdə ciddi kadr dəyişikliyi etməsə, oxşar halların təkrarlanması qaçılmaz olacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.