Oxunmayan dövrdə oxunan jurnal – “Söz odası”nın 2-ci sayı haqqında
48 səhifəlik dərgidə Nağdəli Zamanovun Aşıq Şəmşirlə bağlı araşdırmasından başlayıb, Elşən Əzimin Covid-19 mövzulu “Pəncərə” hekayəsinə qədər həm ciddi elmi yazılar, həm də diqqətəlayiq nəsr nümunələri yer alıb.
22 iyul 2026-cı ildə Mingəçevir şəhər İcra Hakimiyyətində Milli Mətbuat və Jurnalistika günü münasibətilə keçirilən görüşdə Elşən Əzim mənə “Söz odası” jurnalının ikinci nömrəsini hədiyyə etdi. Qəzetin, jurnalın, hətta kitabın da oxunmadığı bir dövrdə bu nəşr mənə maraqlı gəldi. Çünki içində diqqətəlayiq yazılarla qarşılaşdım.
Nömrə Nağdəli Zamanovun “Aşıq Şəmşir yaradıcılığında tibbi etika” adlı araşdırması ilə açılır. Bu, həqiqətən də orijinal tədqiqatdır. Xüsusən bölgə nəşrində belə ciddi mövzuların dərc olunması alqışlanmalıdır. Eyni zamanda Sabir Rüstəmxanlının yubileyi münasibətilə Əkbər Qoşalının “Çiçək pıçıltısı, şimşək çaxışı! – Dağın qədəhində ömür sağlığı” məqaləsi də maraqla oxunur. Vüsal Hicranın “Nizami Gəncəvinin ‘Leyli və Məcnun’ poemasının filoloji tərcüməsinə bir baxış” adlı yazısı isə ciddi araşdırma hesab oluna bilər. Biz Nizamini daha çox Səməd Vurğunun tərcümələrindən oxumuşuq. Müəllif isə tərcümədəki məna fərqlərini üzə çıxarır və aydın olur ki, heç də hər tərcümə Nizaminin fikirlərini tam əks etdirmir. Jalə Nağıyevanın “Qırğız komuzunun mifoloji kökləri və epik ənənədə rolu” məqaləsi də diqqətəlayiqdir.
Jurnalda poeziya və nəsrə, eyni zamanda folklor nümunələrinə də geniş yer ayrılıb. Şeirlər barədə ətraflı danışmaq istəmirəm. Onların içərisində yaxşı nümunələr də var, zəifləri də. Yəqin ki, baş redaktor jurnalın maliyyə yükü ilə bağlı vəziyyətdən çıxmaq üçün bəzi zəif nümunələrə də yer ayırıb.
Amma iki hekayə diqqətimi xüsusilə çəkdi. Biri Zümrüd Rəhimovanın “Bir payız gecəsi”, digəri isə baş redaktorun özünün “Pəncərə” hekayəsidir. Birinci hekayədə oğul və əminin eyni gənc qızı sevməsindən söhbət gedir. İkinci hekayə isə qlobal problemi – kirayədə yaşayanların pəncərəsindən baxışı əks etdirir. Covid-19 mövzusunda sənədli-bədii əsərlər hələ də az yazılıb. Mənim fikrimcə, müəllimin evindən virtual dərs keçməsi və onun fonunda baş verən hadisələr əla tapıntıdır və müəllifin böyük uğuru hesab oluna bilər. Xüsusən də şair kimi tanıdığımız Elşən Əzimin nəsrdə özünü inamla təsdiq etməsini alqışlayıram.
Jurnalda maraqlı rəsmlərlə də rastlaşırıq, xüsusən məktəblilərin işləri ilə. Üz qabığındakı rəsmlər rəngli, içəridə isə ağ-qaradır. Şübhəsiz, bu da maliyyə resurslarının məhdudluğundan irəli gəlir.
Bəzi qeydlərim də var. Yaxşı olardı ki, jurnalda mövzular üzrə qruplaşdırma aparılsın. Məsələn, ilk 15 səhifədə poeziya, sonrakı hissədə nəsr, araşdırma və rəsmlər yerləşdirilsə, ardıcıllıq daha yaxşı gözlənilərdi. Eyni zamanda 25 nəfərin adının redaksiya heyətinə daxil edilməsini də qəbul etmirəm. Şübhəsiz ki, onların əksəriyyətinin sadəcə adı var, amma jurnalın hər sayının ərsəyə gəlməsi baş redaktorun və 2-3 nəfərin öhdəsinə düşür. Uzun-uzadı redaksiya heyəti sovetdən qalma ənənədir və bunu dəyişməyə ehtiyac var.
Ümumilikdə isə “Söz odası”nın ikinci nömrəsi yaxşı başlanğıcdır. Ümid edirəm ki, bu jurnal özündən əvvəlkilərin (“Mingəçevir leysanı”, “Bənövşə”) səhvlərini təkrarlamayacaq.
“Söz odası”na uğurlar arzulayıram.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.