Mingəçevirin ilk data-jurnalistika platforması!

Mingəçevirin su paradoksu: təmizlənsə də inam azdır

Rəsmi məlumata görə şəhərdə içməli su təchizatı xeyli yaxşılaşıb. Lakin abonentlərin bir qismi keyfiyyətdən narazıdır və buna görə də evlərinə bahalı təmizləyici qurğular quraşdırır. Tullantı suları isə hələ də təmizlənmədən çaya axıdılır.

7

Mingəçevirdə son illərdə içməli su təchizatı sahəsində ciddi infrastruktur layihələri həyata keçirilib. Nəticədə şəhərdə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı istismara verilib. Su şəbəkəsinin ümumi uzunluğu təxminən 340 kilometrə çatıb. İdarə təxminən 33 500–33 600 abonentə xidmət göstərir, sayğaclaşma səviyyəsi isə 97 faizə çatıb.

Rəsmi məlumatlara görə, xam su Mingəçevir su anbarından götürülür, bir neçə mərhələli təmizləmədən keçirilir və şəbəkəyə verilir. Lakin vəziyyət rəqəmlərin göstərdiyindən daha mürəkkəbdir.

Birincisi, su itkisi məsələsi hələ də aktualdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun 2025-ci ilin avqustunda açıqlamasına görə, 2025-ci ilin birinci yarısında idarə üzrə su itkisi 54,5 faiz təşkil edib. 2026-cı il üzrə rəsmi yenilənmiş su itkisinin nə qədər olduğu isə hələ ki,  ictimaiyyətə açıqlanmayıb. Aldığımız qeyri-rəsmi məlumata görə, Sukanal İdarəsinin rəhbərliyi dəyişəndən sonra itkilər xeyli azaldılıb, lakin bu iddianı təsdiq edən rəsmi rəqəm hələ yoxdur.

İkincisi, abonentlər arasında narazılıq davam edir. Bəzi sakinlər hesab edir ki, təmizləmə prosesi kifayət qədər keyfiyyətli aparılmır və suda zərərli maddələr qala bilir. Nəticədə bir çox insan hələ də marketlərdən təmizlənmiş su alır. Eyni zamanda şəhərdə bir sıra şirkətlər ev və mənzillərə su təmizləyici qurğular quraşdırır. Bu qurğular ucuz deyil, üstəlik filtrlərin hər 6–7 aydan bir dəyişdirilməsi lazım gəlir və bu da təxminən 80–100 manat xərc tələb edir.

Üçüncü və daha ciddi problem isə tullantı sularının təmizlənməməsidir. Şəhərdə çirkab sularını təmizləyəcək qurğu tikilməyib. Tullantı suları kanalizasiya şəbəkəsi vasitəsilə axmazlara, oradan da Kür çayına axıdılır. Bu isə gələcəkdə içməli su mənbəyinin çirklənməsi riskini artırır.

Dördüncü məsələ Mingəçevir su anbarının özü ilə bağlıdır. Şəhərin içməli suyu məhz bu anbardan götürülür. Anbarın ətrafında isə çimərliklər fəaliyyət göstərir. Sakinlər sual verir: bu mənbədə yoluxucu xəstəliklərin olmamasına kim zəmanət verə bilər?

Beşinci məsələ həyət evlərinə və bağ sahələrinə suvarma suyunun verilməməsidir. Şəhərdə suvarma üçün ayrıca şəbəkə ya yoxdur, ya da çox məhduddur. Nəticədə bir çox sakin bağlarını və həyətyanı sahələrini xlorlaşdırılmış içməli su ilə suvarmağa məcbur olur. Bu su həm bahadır, həm də tərkibindəki xlor uzun müddət istifadə olunduqda bitkilərin və yaşıllığın qurumasına səbəb ola bilir.

Bu problemlə bağlı son rəsmi açıqlama 22 iyul 2026-cı ildə verilib. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Məhluqə Cavadova Mətbuat və Jurnalistika günü münasibətilə yerli media nümayəndələri ilə görüşündə bildirib ki, İcra Hakimiyyəti keçmiş su xəttini öhdəsinə götürüb və ondan hazırda şəhərin park və xiyabanlarının, eləcə də bəzi məhəllələrin suvarılması üçün istifadə olunur. Lakin bu xətt vasitəsilə həyət evlərinə su vermək mümkün olmayıb. Xəttin bəzi hissələrini dəyişmək mümkün olsa da, onu tamamilə yeniləmək böyük məbləğdə vəsait tələb edir. Birinci müavin həmçinin qeyd edib ki, hökumət yaxın vaxtda su mənbələrindən götürülən su üçün yeni tariflər müəyyənləşdirib.

Beləliklə, Mingəçevirdə içməli su infrastrukturu rəsmi olaraq xeyli irəliləyib. Lakin yüksək su itkisi, tullantı sularının təmizlənməməsi, sakinlərin keyfiyyətə inamsızlığı, mənbənin qorunması və xüsusilə suvarma suyu problemi hələ də açıq qalır. Rəqəmlər nikbinlik yaratsa da, etibar, ekoloji təhlükəsizlik və həyətyanı sahələrin suvarılması məsələsi hələ həllini gözləyir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.