Mingəçevirin ilk data-jurnalistika platforması!

Mingəçevirdə veteranlar bir araya gəldi

Mingəçevir su anbarının sahilində müxtəlif regionlardan gələn veteranlar istirahət və idman festivalında toplanıblar. Tədbirin ideya müəllifi və əsas təşkilatçısı Qalib Ağa Şəmsəddin oğludur.

1

Mingəçevir su anbarının sahilində keçirilən veteranların istirahət və idman festivalı regionlar arası dostluq və həmrəylik ruhunu gücləndirib. Tədbirdə Ağdaş, Yevlax, Bakı, Mingəçevir və Samux veteran təşkilatlarının nümayəndələri iştirak ediblər. Festival Mingəçevir Boks Federasiyası, Mingəçevir Veteranlar Şurası və Festivalın Təşkilat Komitəsinin fərdi üzvlərinin birgə səyləri ilə təşkil olunub.

Görüş iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra su anbarının sahilinə yollanıblar. Burada açılış mərasimi və püşkatmadan sonra nard, şahmat və domino yarışları keçirilib. Veteranların bir qismi yarışlarda iştirak edib, digərləri isə dənizdə istirahət edib, voleybol oynayıb. Samovar çayı ətrafında aparılan səmimi söhbətlər tədbirə xüsusi ab-hava qatıb.

Festivalın ideya müəllifi və əsas təşkilatçısı Ağa Qalib Şəmsəddin oğlu (Qalib Ağa) – Birinci Qarabağ müharibəsinin iştirakçısı, Mingəçevir şəhərində ilk könüllü batalyonun yaradıcısı və komandiri, keçmiş SSRİ İdman Ustasıdır. O bildirib ki, tədbirin əsas məqsədi veteranların asudə vaxtının səmərəli təşkili, onlar arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də müxtəlif bölgələrdən gələn veteranlar arasında dostluq əlaqələrinin inkişaf etdirilməsidir.

Qalib Ağa vurğulayıb ki, belə görüşlər veteranların ictimai həyata fəal inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Görüş zamanı iştirakçılar bir-biri ilə tanış olub, həyat və xidmət yolları barədə söhbətlər aparıb, xatirələrini bölüşüblər.

Tədbir iştirakçılarına Türk dünyası təşkilatının rəhbərinin adından kitablar təqdim olunub. Kitablardan biri iştirakçı sayı baxımından ən geniş nümayəndə heyətinə malik Ağdaş veteran təşkilatına hədiyyə edilib.

Festival veteranların və təşkilatçıların şəxsi təşəbbüsü, təşkilati səyləri və maliyyə imkanları hesabına həyata keçirilib. Qalib Ağa qeyd edib ki, veteranlar, müharibə iştirakçıları, şəhid ailələri və Qarabağ qazilərinin sosial və ictimai həyatının dəstəklənməsi istiqamətində belə layihələrin davamlı xarakter alması vacibdir. O, gələcəkdə Mingəçevir və digər şəhər-rayon bələdiyyələrinin, yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti dövlət qurumlarının və digər təşkilatların belə sosial-idman layihələrinə dəstək göstərməsinin böyük əhəmiyyət daşıdığını bildirib.

Təşkilatçılar ümid edirlər ki, növbəti illərdə festivallar daha geniş miqyasda keçiriləcək və bu layihələr Gənclər və İdman qurumlarının tədbirlər planına daxil edilərək mütəmadi şəkildə təşkil olunacaq.

Tədbirin keçirilməsinə dəstək göstərən dövlət qurumlarına, Gənclər və İdman İdarəsinin rəhbərliyinə və əməkdaşlarına, Nəqliyyat Departamentinin əməkdaşlarına xüsusi təşəkkür bildirilib. Veteranların tədbirə gəlişi üçün pulsuz avtobus nəqliyyatının təşkil olunması iştirakçılar tərəfindən minnətdarlıqla qarşılanıb. Festivalın təşkilinə göstərdiyi dəstəyə görə Eyyub Həsənova, Əfqanıstan veteranları cəmiyyətlərinə, Qarabağ Əlilləri Təşkilatına və tədbirin hazırlanmasında əməyi olan bütün şəxslərə təşəkkür ifadə olunub.

Qalib Ağa bildirib ki, keçirilən tədbir gələcək daha böyük layihələr üçün mühüm başlanğıcdır. Məqsəd veteranları yalnız bir gün üçün deyil, mütəmadi olaraq idman, istirahət, mədəni və sosial tədbirlər ətrafında bir araya gətirməkdir.

“Veteranların Birlik və İstirahət Günü” bir daha göstərdi ki, belə tədbirlər yalnız istirahət və idman deyil, həm də dostluğun, həmrəyliyin, qarşılıqlı hörmətin və veteranlar arasında birlik ruhunun möhkəmləndirilməsi vasitəsidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.