Mingəçevirdə Əziz Əliyevin yubileyi qeyd edilib
Noyabrın 27-də Mingəçevirdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş “Milli Səhiyyədən Dövlətçilik Zirvəsinə” adlı elmi-nəzəri konfrans keçirilib.
Tədbir Mingəçevir şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kolleci və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Konfrans öncəsi ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Heydər Əliyev Mərkəzinin foyesində sərgiyə baxış keçirilib və tələbələr tərəfindən kompozisiya təqdim olunub. Ulu öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, Əziz Əliyevin həyat və fəaliyyətinə dair film nümayiş etdirilib.
Tədbiri açan Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli sərəncamını xatırladıb və alimin irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov isə akademik Əziz Əliyevin Azərbaycan səhiyyəsinin, tibb elminin və tibbi təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. O qeyd edib ki, akademikin çoxşaxəli fəaliyyəti və elmi-pedaqoji irsi bu gün də gənc həkimlər üçün örnək olaraq qalır.
Konfransda “Vətənə və xalqa həsr olunmuş şərəfli ömür”, “Əziz Əliyev: dövrün sınaqlarından keçən şəxsiyyət”, “Əziz Əliyevin Azərbaycan səhiyyəsinin təşkilinin tarixi missiyası”, “Tibb təhsilinin inkişafında Əziz Əliyevin məktəbi”, “Müharibə illərindəki liderlik: Əziz Əliyevin Dağıstandakı fəaliyyəti” və “Bir ömrün mənəvi mirası” mövzularında məruzələr dinlənilib.
Məruzələrdə Əziz Əliyevin səhiyyə şöbəsinin müdiri, Tibb İnstitutunun rektoru, Azərbaycan KP MK-nın katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi və digər vəzifələrdəki fəaliyyəti, milli həkim kadrlarının hazırlanması və Azərbaycan dilində tibb dərsliklərinin yaradılmasındakı xidmətləri xüsusi qeyd olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.