Mingəçevirin ilk data-jurnalistika platforması!

Attestasiya “oyunu” başa çatsa da…

Milli Məclis və Prezident belə hesab etdi ki, musiqi müəllimlərinin bacarıqlarını qiymətləndirməyin doğru və ədalətlii yolu sertifikasiyadır.

5

Attestasiya Bakıda: uzun yol və ağır şərait

2026-cı ilin fevral ayından Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq dövlət musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllimlərin bacarıqlarının yoxlanması adı ilə attestasiyaya başlandı. Nədənsə proses məktəblərin özündə deyil, Bakı Xoreoqrafiya Akademiyasında aparıldı. Komissiyaların təşkili və tərkibi ilə bağlı məsələlər də məktəblərdən kənar qaydada “həllini tapdı”.
Sual olunur: minlərlə müəllimi səhərin alaqaranlığında Bakıya aparmaq və qaş qaralanda geriyə qaytarmaq, ezamiyyə haqqı ödəməmək (bir gündə təxminən 600 km məsafə qət edən insanlara su və yemək belə verilməyib) hansı məntiqdən doğurdu? Bu, çox ciddi pozuntudur və məsələnin araşdırılmasına ehtiyac duyulur.

Regional rəhbərliyin cavabı və gerçəklik arasında ziddiyyət

Şikayətçi Salmanova Aynurə Nizami qızı və digərlərinin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və Mədəniyyət Nazirliyinə ünvanladığı kollektiv müraciətə regional idarədə rəis vəzifəsini müvəqqəti icra edən Namiq Tariverdiyev cavab məktubu yazıb. O, bildirib ki, attestasiya işəgötürən (məktəb direktoru) tərəfindən təşkil olunub.
Əslində Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nda da (1.8 və 2.1-ci maddələr) belə nəzərdə tutulub: “İşçilərin sayı çox olan müəssisələrdə eyni hüquqa malik bir neçə attestasiya komissiyaları yaradıla bilər… Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir”. İndi hansına inanaq: Bakıya, Xoreoqrafiya Akademiyasına avtobuslarla aparılan müəllimlərin dediklərinə, yoxsa regional idarənin rəis əvəzinin cavabına?

Attestasiya “oyunu”nda ədalətsizlik və kütləvi işdən çıxarılmalar

Müəllimlər iddia edirlər ki, bir çox hallarda Bakıda keçirilən “attestasiya oyunu”nda təcrübəsi az olanlara “vəzifəsinə uyğundur”, uzunmüddətli pedaqoji təcrübəyə malik olanlara isə “vəzifəsinə uyğun deyil” qərarları verilib. Attestasiya prosesi zamanı rüşvət iddiaları da səslənir.
Attestasiyadan qabaq bir sıra müəllimlər təzyiq altında, yəni qorxudularaq (imtahanı verə bilməsən, Əmək Məcəlləsinin “70 c” maddəsi ilə əmək müqavilənə xitam veriləcək, yaxşısı budur ki, öz ərizənlə işdən çıxasan, ləkələnməyəsən) işdən kənarlaşdırılıb. Əksəriyyətinin ərizəsində səbəb kimi guya yaşayış yerini dəyişməsi, başqa şəhərə köçməsi göstərilib. Təkcə Mingəçevirdəki Ü.Hacıbəyli adına 1 saylı Uşaq Musiqi Məktəbində həm bu, həm də digər səbəblərdən 70-dən artıq şəxs məktəbdən uzaqlaşdırılıb. Nəticədə kütləvi şəkildə işdən çıxarılma baş verib, halbuki Azərbaycan Konstitusiyası və qanunları buna yol vermir.

İşdən çıxarılanların dərs yükü və korrupsiya iddiaları

Başqa bir məsələ: işdən çıxarılan müəllimlərin dərs yükləri kimlərin arasında bölünüb? Məktəb rəhbərliyi bununla bağlı heç bir açıqlama vermir. İddia olunur ki, həmin dərslər direktor və müavinə yaxın adamların adlarına yazılır və sonradan nağdlaşdırılaraq geri alınır. Bu və digər şikayətlərlə bağlı prokurorluğun yoxlamalar aparması da günün reallığıdır.
Haqqında bəhs etdiyimiz məktəbdə attestasiya balını qazanmayan müəllimlərin bir hissəsinin əmək müqaviləsinə xitam verilib, digər hissəsinin isə yox. Müqaviləsinə xitam verilməyənlər attestasiyadan sonra özlərinin və ya övladlarının səhhətindəki narahatlıqlarla bağlı arayışlar təqdim ediblər. Əgər kiminsə attestasiyaya getməmək üçün səbəbi vardısa, niyə gedirdi və “kəsiləndən” sonra arayış gətirirdi? Bu sənədlərin də saxta olub-olmadığını yoxlamağa ehtiyac var.

Attestasiyanın ədalətsizliyi və sertifikasiyaya keçid

Əksəriyyət belə hesab edir ki, musiqi müəllimlərinin bacarıqlarını attestasiya yolu ilə qiymətləndirmək doğru və ədalətli olsaydı, Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanununda dəyişikliyi etməzdi. (https://meclis.gov.az//documents/383-VIIQD.pdf, https://president.az/az/articles/view/72224).
29 aprel 2026-cı ildən uşaq dövlət musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində də təhsilverənlərin nəzəri və praktiki biliklərinin sertifikasiya əsasında qiymətləndirilməsi nəzərdə tutulub.

Attestasiya bitdi, amma “oyun” davam edir

Artıq musiqi müəllimləri üçün primitiv qiymətləndirmə prosesi arxada qalıb. Amma hələ də bəzi məmurlar “köhnə oyun”dan alət kimi istifadə etməyə çalışır, attestasiyadan kənarda qalanlara ismarış göndərirlər: “Növbəti təhsil ilindən onlara dərs verilməyəcək”. “Öyrədilmiş müəllimlər” isə süni hay-küy yaradırlar: “Biz əziyyət çəkib, Bakıya getmişik. Amma getməyənlər hələ də məktəbdə qalır və yüksək maaş istəyirlər. Niyə onları işdən çıxarmırlar?”
Müəllim adını daşıyanların bəziləri hələ də dərk etmirlər ki, attestasiya işçini işdən çıxarmağa deyil, gələcəkdə təlim və kurslara göndərməklə peşə bacarığını artırmağa hesablanan qiymətləndirmə vasitəsi olmalıdır. O ki qaldı sertifikasiyaya, yaxın vaxtda musiqi müəllimlərinin də özlərini təsdiq etmək üçün 2 şansı olacaq. Həm də prosesi imtahan keçirmə bacarığı olmayan qurumlar yox, böyük təcrübəsi olan Dövlət İmtahan Mərkəzi tənzimləyəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.

Ana Geri Haqqımızda Əlaqə