Elçin Şıxlı Mingəçevirdə: AJB-nin yenilənmə prosesi və jurnalistlərin ehtiyacları diqqət mərkəzində
Tədbirdə bölgə mediasının problemləri, peşəkar ehtiyaclar, süni intellekt və informasiya təhlükəsizliyi məsələləri müzakirə olunub.
Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Aran bölgəsində fəaliyyət göstərən jurnalistlərlə zona müşavirəsi 1 avqust 2026-cı il tarixində Mingəçevir Gənclər Evinində baş tutub. Tədbir EL TV-nin təşkilatçılığı ilə keçirilib.
Müşavirədə AJB-nin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Birliyin İşçi Qrupunun üzvləri, bölgə media rəhbərləri, televiziya kanalları, xəbər portalları və sosial media platformalarının nümayəndələri iştirak ediblər. Aran bölgəsindən 30-dan çox jurnalist tədbirə qatılıb.
Çıxış edənlər arasında “Qafqaz” TV-nin direktoru Eltən Törəçi, EL TV-nin direktoru İqbal Məmmədəliyev, “Ədəbiyyat və İncəsənət” portalının qurucu-baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı, Əməkdar jurnalist Fərman Nəbiyev, “Söz Odası” dərgisinin baş redaktoru Elşən Əzim, “Kanal32” Media Şəbəkəsinin qurucusu İnqilab Şirinli, “Mingəçevir” qəzetinin əməkdaşı Mətanət Məmmədova, “Azərbaycan müəllimi” qəzetinin bölgə nümayəndəsi Aynur Araz, Dialoq.az saytının baş redaktoru Natiq Əlisoy və digər media nümayəndələri olub. Onlar müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Görüşdə AJB-nin yenilənmə prosesi, bölgə mediasının mövcud vəziyyəti, jurnalistlərin peşəkar ehtiyacları və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar bölgə mediasının üzləşdiyi çətinlikləri qeyd edərək, Birliyin gələcək fəaliyyətinə dair konkret təkliflər irəli sürüblər.
Müşavirədə müasir jurnalistikanın qarşısında duran yeni çağırışlar da diqqət mərkəzində olub. Süni intellektdən istifadə imkanları, sosial media mühiti, vətəndaş jurnalistikası, dezinformasiya ilə mübarizə, reklam bazarının vəziyyəti, oxucu etimadının qorunması, peşə etikası və jurnalistlərin hüquqlarının müdafiəsi əsas müzakirə mövzuları sırasında yer alıb.
Dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, müasir dövrdə informasiya təhlükəsizliyi təkcə texniki məsələ deyil, eyni zamanda cəmiyyətin etibarlı məlumatla təmin olunması, milli maraqların qorunması və peşəkar medianın möhkəmləndirilməsi ilə sıx bağlıdır.
Son illərdə qlobal media şirkətləri və sosial platformaların yerli informasiya məkanına ciddi təsir göstərdiyi bildirilib. Bu platformalar yeni imkanlar yaratmaqla yanaşı, yalan xəbərlərin, manipulyativ məzmunun, səthi informasiyanın və qeyri-peşəkar yayımçılığın sürətlə yayılmasına da şərait yaradır. Belə şəraitdə peşəkar jurnalistikanın rolu daha da artır.
Müşavirədə bölgə jurnalistlərinin yeni bilik və bacarıqlara yiyələnməsinin zəruriliyi də qeyd edilib. Süni intellekt alətlərindən səmərəli istifadə, video çəkilişi və montaj, sosial media idarəçiliyi, şəxsi brendin formalaşdırılması, data analizi, faktların yoxlanılması və kibertəhlükəsizlik sahəsində biliklərin müasir jurnalistin əsas peşə kompetensiyaları olduğu vurğulanıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.