Mingəçevirin ilk data-jurnalistika platforması!

Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar

İyulun 20-də sağlamlıq arayışı üçün gələn adam xəstəxanadan xəstə çıxdı. Səbəb isə havalandırmasız dəhlizlər və kabinetlərdir

4

İyulun 20-də Mingəçevirdə istinin hərarəti 40 dərəcəyə çatırdı. Mən və həyat yoldaşım sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün tələb olunan sağlamlıq arayışını almaq məqsədilə Şəhər Mərkəzi Xəstəxanasına gəlmişdik. Poliklinika şöbəsinin qarşısında növbə uzanırdı. İnsanlar həkim otaqlarının qapısı önündə sıxışır, bəziləri divara söykənib gözləyirdi.

Binaya daxil olanda hiss etdik ki, nəfəs almaq çətindir. Bütün mərtəbələrdə eyni vəziyyət hökm sürürdü: ağır, nəm, hərəkətsiz hava. Həkim otaqlarında ventilyatorlar fırlanır, bəzi həkimlər isə əllərindəki kağızla özlərini yelləyirdi. Amma bu, kömək etmirdi.

Mən poliklinika şöbəsində Kərim həkimə dedim: “Bura sağlam adam gəlsə, mütləq xəstələnəcək.”

O, susdu. Biz bütün günümüzü növbələrdə və kabinetlərdə keçirdik və evə axşam qayıdanda həyat yoldaşımın burnu axırdı. Təcili aptekə getdim, bir neçə dərman aldım. O, paltarını dəyişəndə köynəyi suyun içində idi. Mən də möhkəm tərləmişdim. Bir az asqırdım. Açıq havada gəzdim, velosiped sürdüm və özüm özümü “müalicə” etdim. Problem keçdi. Amma o günün hissi qaldı: xəstəxana bizi xəstələndirmişdi.

Bu, sadəcə bir ailənin bir günlük hekayəsi deyil. Bu, Mingəçevir səhiyyəsinin son illər ərzində yaşadığı böyük dəyişikliyin kiçik, amma çox danışan bir parçasıdır. İcbari tibbi sığorta məhz bu şəhərdən başlayıb.  Xəstəxanalar birləşdirilib, müraciətlər artıb. Lakin infrastruktur və kadr problemləri qalıb. Bu hekayə həmin rəqəmlərin arxasında nə olduğunu göstərmək üçündür.

Mingəçevir səhiyyəsinin tarixi şəhərin özü qədər yenidir. 1946-cı ildə Kür çayı üzərində Su Elektrik Stansiyasının tikintisi başlayanda ilk tibb məntəqəsi yaradılıb. 1948-ci ildə qəsəbəyə şəhər statusu verilib. Sonrakı onilliklərdə şəhərdə ayrı-ayrı tibb müəssisələri yaradılıb: “Ana və Uşaq” müalicə-sağlamlıq mərkəzi, Doğum evi, Təcili Tibbi Yardım Stansiyası, Dəri-Zöhrəvi xəstəxana, müxtəlif dispanserlər və poliklinikalar. 1980-ci illərin sonuna yaxın şəhərdə beş xəstəxana, iki poliklinika, yüzlərlə həkim və orta tibb işçisi fəaliyyət göstərirdi. Bu dağınıq sistem həm şəhər sakinlərinə, həm də ətraf rayonlara xidmət edirdi.

2015-ci il fevralın 24-də Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub. 1987-ci ildə tikilmiş bina üç blokdan ibarət 430 çarpayılıq çoxprofilli müəssisəyə çevrilib. Müasir avadanlıqlar quraşdırılıb, palatalar yenilənib. O vaxt bu, böyük addım hesab olunurdu. Lakin ayrı-ayrı müəssisələrin funksiyaları tədricən bu binaya yığılıb. “Ana və Uşaq”, Doğum evi və digər şöbələr Mərkəzi Xəstəxananın strukturuna daxil edilib. Optimallaşdırma baş verib. Resurslar bir yerə cəmləşdirilib. Amma eyni zamanda bir binanın yükü artıb.

İcbari tibbi sığorta isə məhz bu şəhərdən başladı. 2016-cı ilin sonunda Prezidentin fərmanı ilə Mingəçevir şəhəri və Yevlax rayonu pilot ərazi seçildi. 2017-ci ilin 1 yanvarından pilot layihəyə start verildi. Sonra Ağdaş da əlavə olundu. Pilot dövründə təxminən 370 min nəfər baza zərfi ilə əhatə olundu. 2017-ci ilin ilk doqquz ayında yalnız Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 104 mindən çox sığorta olunana yüz minlərlə ambulator və stasionar xidmət göstərildi. Bu, sistemin sınağı idi.

2020-ci ilin 1 yanvarından isə İTS ölkə üzrə mərhələli şəkildə rəsmi tətbiqə başlayıb. Birinci mərhələdə Naxçıvan Muxtar Respublikası, Mingəçevir və iyirmidən çox rayon əhatə edib. Dövlət adambıraşına 90 manat ayırıb. 2020-ci ilin yekunlarına görə, 23 inzibati ərazidə 1 milyon 147 mindən çox insan 4 milyon 170 mindən artıq dəfə müraciət edib və ümumilikdə 8 milyon 339 mindən çox tibbi xidmət göstərilib. Mingəçevir bu siyahıda liderlərdən biri olub: 449 837 müraciət və Mərkəzi Xəstəxanada 1 156 586 xidmət. Xaçmaz, Ağdaş, Zaqatala və Yevlax da yüksək göstəricilər nümayiş etdirib. Rəqəmlər sistemin işlədiyini göstərirdi. Əhali xidmətlərdən istifadə edirdi. Pulsuz və ya az ödənişli müayinə və müalicə əlçatan idi.

Lakin rəqəmlərin arxasında digər reallıq da var: bir çox təcrübəli həkim İTS-dən sonra özəl sektora keçdi. Şəhərdə “Şəfa”,  “Regional Hospital”, Nərgiz”,  “Medipark” və digər özəl klinikalar açıldı. Daha yaxşı iş şəraiti, yüksək maaş və müasir mühit axtaran mütəxəssislər ora üz tutdu. Mərkəzi Xəstəxanada isə hələ də bir sıra ixtisaslar üzrə vakansiyalar elan olunur: anestezioloq-reanimatoloq, travmatoloq-ortoped, neonatoloq, mama-ginekoloq, radioloq və digərləri. 2023-cü ilin sonuna Mingəçevirdə təxminən 392 həkim qeydə alınmışdı. Bu, şəhər üçün az rəqəm deyil, amma dar ixtisaslar üzrə çatışmazlıq hiss olunur. Ölkə üzrə həkimlərin böyük hissəsinin Bakıda cəmləşməsi isə region problemini daha da kəskinləşdirir.

İnfrastruktur tərəfdə isə ən görünən boşluq havalandırma və temperaturun idarə edilməməsidir. 2015-ci ildə yenidən qurulmuş bina yüksək avadanlıqla təchiz edilsə də, yay aylarında dəhlizlərdə və otaqlarda hava hərəkətsiz qalır. Pasiyentlər və həkimlər eyni problemi yaşayır. İyul ayında, temperatur 35-40 dərəcəyə çatanda, ventilyator və kağız kifayət etmir. Bu, sadəcə narahatlıq deyil. Bu, infeksiya riskini artırır, iş qabiliyyətini azaldır və pasiyent məmnunluğunu aşağı salır. 2024-cü ildə doğum şöbəsində tullantıların vaxtında daşınmaması ilə bağlı şikayətlər də olmuşdu. Natəmizlik və iylər əlavə problem yaratmışdı.

İnsan üzü rəqəmlərin göstərmədiyi hissədir. Həkimlər üçün bu, uzun növbələr, isti otaqlar və daimi kadr çatışmazlığı deməkdir. Pasiyentlər üçün isə növbə gözləmək, nəfəs almağa çalışmaq və bəzən xəstəxanadan daha pis vəziyyətdə çıxmaq deməkdir. Sürücülük vəsiqəsi kimi sadə bir sənəd üçün gələn adamın ailəsi ilə birlikdə xəstələnməsi təsadüf deyil. Bu, sistemin zəif nöqtəsinin birbaşa nəticəsidir.

2025-ci ilin 11 ayında Mərkəzi Xəstəxanada 1505 körpə doğulub. Bu, şəhərin demoqrafik potensialını göstərir. Amma eyni zamanda doğum şöbəsinin və neonatoloji xidmətin yükünü də artırır.

Bu gün Mingəçevirin Mərkəzi Xəstəxanası üçün ilk növbədə havalandırma və kondisioner sisteminin tam qurulması vacibdir. Tibb müəssisələrində hava keyfiyyəti beynəlxalq standartlara uyğun olmalıdır. Bu, nəinki rahatlıq, həm də infeksiyaya nəzarət məsələsidir.

İkincisi, kadrların  motivasiyası, xüsusən regionlarda çalışan həkimlər üçün əlavə stimul, mənzil, peşəkar inkişaf imkanları və maaş fərqləri nəzərdən keçirilməlidir.

Üçüncüsü, özəl və dövlət sektoru arasında balans gözlənilməlidir. Özəl klinikalar rəqabət yaradır və keyfiyyəti yüksəldir. Amma əsas yükü daşıyan dövlət müəssisələrinin infrastrukturu geridə qalmamalıdır.

Dördüncüsü, pasiyent axını idarə edilməlidir. Elektron növbə, ailə həkimi sisteminin gücləndirilməsi və profilaktik xidmətlərin genişləndirilməsi koridorlardakı sıxlığı azalda bilər.

Ölkənin dördüncü böyük şəhəri olan Mingəçevirdə 103 mindən çox əhali var. Burada əsasən enerji, eyni zamanda sənaye və təhsil müəssisələri fəaliyyət göstərir. Səhiyyə də bu potensialın mühüm hissəsidir. 2015-ci ildə yenilənən bina,  2017-ci ildə başlanan pilot layihə və 2020-ci ildə rəsmiləşən İcbari Tibbi Sığorta sistemi böyük addımlar hesab oluna bilər. Bu, rəqəmlərin artmasına, xidmətlərin əlçatan olmasına şərait yaradıb. Amma iyul ayının 20-si kimi günlər göstərir ki, rəqəmlər hər şeyi demir. Hava çatışmırsa, həkimlər kağızla yellənirsə və pasiyentlər xəstəxanadan xəstə çıxırsa, islahat hələ bitməyib.

Bu hekayə təkcə bir şəhərin deyil, regionlarda aparılan səhiyyə islahatlarının ümumi mənzərəsidir. Uğurlar var. Boşluqlar da qalıb. Həll isə aydındır: infrastrukturu, kadrları və pasiyent təcrübəsini eyni dərəcədə diqqətdə saxlamaq. Çünki səhiyyə rəqəmlərlə deyil, insanların nəfəs ala bildiyi koridorlarla ölçülür.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.