Mingəçevirin ilk data-jurnalistika platforması!

Musiqi məktəblərində dərs yükü həyəcanı

Milli Məclis musiqi müəllimlərinin attestasiyasını subyektiv hesab edib sertifikasiyaya keçid etdi. Lakin köhnə nəticələrə əsasən dərs saatlarının bölünməsi davam edir.

3

Subyektiv attestasiyanın kölgəsində qalan dərslər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin imzası ilə mədəniyyət müəssisələrinə ünvanlanan 7 sentyabr 2026-cı il tarixli 3-24-5/2-313/2026 nömrəli məktub bir çox suallar doğurdu. Mədəniyyət Nazirliyinin müvafiq müraciətinə istinadən hazırlanan sənəddə attestasiyadan keçmiş müəllimlərin dərs saatlarının komissiyanın səs fərqinə görə diferensial bölünməsi tövsiyə olunurdu: 3-2 səslə keçənlərə 12-18 saat, 4-1 səslə keçənlərə 18-24 saat, 5-0 səslə keçənlərə isə azı 24 saat. Keçməyənlərə isə əsaslandırma ilə 12 saatdan çox olmamaqla dərs yükü verilməsi nəzərdə tutulur.

Bu yanaşma formal baxımdan idarəetmə aktı kimi görünə bilər. Lakin onun hüquqi və peşəkar əsası dərindən təhlil tələb edir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə ünvanlanan məktub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə ünvanlanan məktub

Attestasiya prosesinin aşkar nöqsanları

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi, incəsənət və rəssamlıq məktəblərində 2025–2026-cı illərdə keçirilən attestasiya prosesi geniş ictimai və peşəkar müzakirələrə səbəb oldu. Media materiallarında, müəllim və valideyn şikayətlərində, habelə məhkəmə çəkişmələrində eyni problemlər dəfələrlə qabardılırdı:

  • Qiymətləndirmə əsasən şifahi formada aparılırdı və ölçüləbilən, obyektiv meyarlardan məhrum idi.
  • Təcrübəli müəllimlərə “uyğun deyil”, daha az təcrübəli və ya daha az bacarıqlı şəxslərə isə “uyğundur” qiymətinin verilməsi halları qeydə alındı.
  • İfaçılıq bacarığı əvəzinə bəzən proqramdan kənar akademik suallara üstünlük verildi.
  • Prosesin protokollarla məhdudlaşması və rəqəmsal, test əsaslı alətlərin olmaması nəticələrin müqayisəliliyini və hüquqi dayanıqlığını zəiflətdi.

Bu nöqsanlar yalnız mətbuatda və sosial şəbəkələrdə deyil, Milli Məclisin özündə də açıq şəkildə müzakirə olundu. Nəticədə 2026-cı ilin aprelində “Təhsil haqqında” Qanuna və Əmək Məcəlləsinə dəyişikliklər edildi. Musiqi və incəsənət məktəbləri müəllimləri attestasiyadan çıxarılaraq, sertifikasiya sisteminə keçirildi. Qanunverici orqanın rəsmi əsaslandırması aydın idi: mövcud attestasiya modeli subyektivliyə açıqdır, müasir tələblərə cavab vermir və əmək mübahisələri riskini artırır.

Belə bir prosesin nəticələrinə, xüsusən də komissiyanın səs fərqinə əsasən müəllimlərin dərs yükünü və dolayısı ilə əmək haqqını diferensial bölmək hüquqi baxımdan zəif görünür. Attestasiya qaydalarına görə, nəticə əsasən “uyğundur / uyğun deyil” formasındadır. Səs fərqinə görə saatların avtomatik tənzimlənməsi isə nə Nazirlər Kabinetinin 2001-ci il 97 nömrəli qərarında, nə də mövcud tarifləşmə təlimatlarında birbaşa nəzərdə tutulmayıb.

Mingəçevir nümunəsi: eyni nəticə, fərqli talelər

Attestasiya prosesinin tətbiqindəki qeyri-bərabərliyin konkret təzahürlərindən biri Mingəçevirdəki Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik musiqi məktəbində müşahidə olunub. Məktəb rəhbərliyi attestasiyadan 2 və daha aşağı bal toplayan müəllimlərin bir qismini işdən azad edib, digər qismini isə işdə saxlayıb. İşdə saxlanılanlara isə “bir müddət məktəbə gəlməyin, dərslərinizi onlayn keçin, vəziyyət sakitləşəndən sonra gələrsiniz” göstərişi verilib. Hətta 0 nəticə göstərən bəzi şəxslərə 36 saat dərs yükü ayrıldığı iddia edilir.

Bu vəziyyət bir sıra suallar doğurur. Xüsusilə də 2 bal toplayan müəllimlərin işdən çıxarılması, 0 bal toplayanların isə saxlanılması faktı prosesin eyni meyarlarla aparılmadığı barədə ciddi şübhələr yaradır.

Nazirlər Kabinetinin qüvvədə olan qaydalarına əsasən, attestasiya nəticələrinə görə əmək müqaviləsinə xitam vermək istəyən rəhbərlik bunu bir ay ərzində həyata keçirməlidir. Bu müddət ərzində müqaviləyə xitam verilməzsə, işçi işdə qalmış hesab olunur. Bu norma bəzi hallarda pozulmuş ola bilər.

İşdən azad edilən müəllimlərin bir hissəsi məhkəmələrə müraciət edərək, işə bərpa olunmalarını tələb edirlər. Onlar prosesdə rüşvət və korrupsiya hallarına yol verildiyini iddia edir və araşdırma aparılmasını istəyirlər. Bu iddialar hələ rəsmi təsdiqini tapmayıb, lakin seçmə yanaşma və fərqli nəticələrə eyni münasibətin göstərilməməsi faktı özü-özlüyündə üzə çıxarır.

Daha bir diqqətçəkən məqam isə attestasiya prosesi başlayan zaman bəzi müəllimlərin, o cümlədən peşəkarların öz ərizələri ilə işdən çıxmasıdır. Rəsmi səbəb kimi yaşayış yerinin dəyişməsi göstərilib. Lakin işdən çıxanların bir qismi iddia edir ki, onlar attestasiya ilə qorxudulublar: “Keçə bilməsəniz, Əmək Məcəlləsinin 70 “c” maddəsi ilə işdən çıxarılacaqsınız və bundan sonra heç yerdə işə düzələ bilməyəcəksiniz.” Bu cür təzyiq iddiaları prosesin könüllülük və obyektivlik prinsiplərinə zidd ola biləcək əlavə riskləri göstərir.

Mingəçevir nümunəsi sübut edir ki, attestasiya nəticələrinin tətbiqi bəzi hallarda vahid və ədalətli meyarlara deyil, məktəb rəhbərliyinin fərdi qərarlarına əsaslanıb. Bu isə həm müəllimlərin əmək hüquqlarını, həm də prosesə olan etimadı ciddi şəkildə sarsıdır.

Attestasiyada iştirak etməyənlər: peşəkarlıq, yoxsa formal tələb?

Musiqi məktəblərində yaşanan problemin daha bir ciddi tərəfi var. Attestasiya prosesinin qeyri-obyektivliyinə etiraz edən bir qrup peşəkar müəllim prosesdə iştirak etməkdən imtina edib. Onların mövqeyi aydındır: subyektiv meyarlara, ölçüləbilməyən qiymətləndirməyə və peşəkar bacarıqları tam əks etdirməyən formata etibar etmək istəməyiblər.

İndi isə bu müəllimlərə qarşı praktik yanaşma belə formalaşır: “Nə olsun ki, peşəkarsınız. Attestasiyaya getmədiyiniz üçün sizə 12 saatdan artıq dərs yükü verilməyəcək.”

Bu yanaşma bir neçə baxımdan mübahisəlidir.

Birincisi, hüquqi baxımdan. Attestasiya nəticəsi “uyğundur / uyğun deyil” formatındadır. Prosesdə iştirak etməyənlərə avtomatik olaraq maksimum 12 saat (1 stavka) dərs yükü verilməsi barədə qanunvericilikdə birbaşa və aydın norma yoxdur. Xüsusən də qanunverici orqanın özü həmin prosesi subyektiv hesab edərək, sertifikasiyaya keçid etdiyi bir dövrdə, iştirak etməməyi “cəza” kimi qiymətləndirmək əlavə risk və şübhə yaradır.

İkincisi, peşəkar ədalət baxımından. İllərlə yüksək nəticələr göstərən, şagirdləri müsabiqə və konsertlərdə uğur qazanan, metodik baxımdan tanınan müəllimləri sadəcə formal prosedura qatılmadıqları üçün saat məhdudiyyətinə salmaq – real peşəkarlığı ikinci plana keçirmək deməkdir. Bu, həm müəllimlərin motivasiyasını azaldır, həm də şagirdlərin keyfiyyətli təhsil almaq hüququna dolayı təsir edir.

Üçüncüsü, idarəetmə baxımından. Əgər məqsəd həqiqətən keyfiyyəti artırmaqdırsa, o zaman “attestasiyaya getmədin – saatın azaldılır” prinsipi əvəzinə, müəllimin real fəaliyyət göstəricilərinə (şagird nəticələri, peşəkar portfel, metodik işlər) əsaslanan fərdi yanaşma daha məqsədəuyğundur. Əks təqdirdə sistem formal tələbi peşəkarlıqdan üstün tutur.

Bu kateqoriyadan olan müəllimlər hazırda narahatdırlar və haqlı olaraq hesab edirlər ki, onların peşəkarlığı bir protokola qatılmamaqla “sıfırlanmamalıdır”. Keçid dövründə belə sərt və mexaniki yanaşma həm əmək mübahisələrinə, həm də kadr itkisinə səbəb ola bilər.

Keyfiyyət məsələsi: daha geniş kontekst

Bu problem yalnız musiqi məktəbləri ilə məhdudlaşmır. Facebook istifadəçisi Vüsalə Hüseynlinin riyaziyyat müəllimləri ilə bağlı qaldırdığı məsələ eyni mahiyyəti əks etdirir: “Məktəblərdə riyaziyyat fənnini tədris etməyə müəllim var,  ancaq savadlı müəllim ya  yoxdur, ya da çox az məktəbdə var. Deyəcəksiniz ki, seftifikasiyadan keçirlər, bal yığlrlar. Testi əzbərləyib keçirlər,  ancaq uşağa çatdırmaq, metodika 0. DİM də hər il qəbulda riyaziyyatı çətinləşdirir. Bu uşaqlar belə müəllimlərlə neynəsin? Məktəblərdə vakanta ümid edirlər, o da gəlmir. Nəticədə millətin uşağını şikəst edirlər.  Buna bir çarə tapılmalıdır. Müəllim yoxdursa, hər il bu ali məktəbləri bitirən müəllim məzunlar hara gedir? Niyə bu qədər qəbul aparılır? Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi”.

Musiqi təhsilində də eyni risk mövcuddur. Kağız üzərində “uyğun” hesab edilən müəllimin real dərsi valideyn və şagird gözü ilə fərqli görünə bilər. Əksinə, subyektiv səbəblərdən “uyğun deyil” qiyməti alan təcrübəli müəllimin yanında şagirdlərin sayı və nailiyyətləri yüksək ola bilər.

Nə etmək olar?

Mövcud vəziyyətdə yalnız köhnə attestasiya protokollarına istinad etmək kifayət etmir. Daha şəffaf və nəticəyönümlü mexanizmlər tələb olunur:

  1. Açıq dərslərin təşkili. Məktəbin akt zalında və ya uyğun məkanda müəllimin öz şagirdləri ilə dərs keçirməsi və prosesin valideyn nümayəndələri tərəfindən izlənməsi mümkündür. Bu, qadağan deyil və şəffaflığı artırır. Şərt odur ki, bütün müəllimlərə bərabər imkan yaradılsın və proses yalnız “valideyn bəyəndi” prinsipi ilə yox, peşəkar meyarlarla qiymətləndirilsin.
  2. Şagird nəticələrinin monitorinqi. Müəyyən müddət ərzində şagirdlərin irəliləyişi, konsert və müsabiqə nəticələri obyektiv göstərici kimi nəzərə alına bilər.
  3. Valideyn rəyinin sistemli toplanması. Anonim sorğular və ya yazılı müraciətlər vasitəsilə tələbin real mənzərəsi ortaya çıxarıla bilər. Valideyn rəyi həlledici olmasa da nəzərə alınmalıdır.
  4. Portfel və metodiki qiymətləndirmə. Müəllimin peşəkar portfeli (şagirdin uğurları, metodik işlər, ixtisasartırma) ilə birlikdə məktəbdaxili metodiki komissiyanın rəyi daha balanslı qərar verməyə imkan yaradır.
  5. Keçid dövrünün şəffaf idarə olunması. Yeni sertifikasiya sistemi tam tətbiq olunana qədər köhnə nəticələrə əsaslanan diferensial yanaşmadan mümkün qədər çəkinmək və hər bir qərarı fərdi əsaslandırmaq məqsədəuyğundur.

Potokollardan real peşəkar nəticələrə

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi rəisinin məktubu formal idarəetmə aktı kimi mövcuddur. Lakin onun dayandığı attestasiya prosesinin özü qanunverici orqan tərəfindən yetərsiz hesab edilərək dəyişdirilib. Bu şəraitdə səs fərqinə görə dərs yükünün avtomatik tənzimlənməsi həm hüquqi, həm də peşəkar baxımdan mübahisəlidir.

Həqiqi həll yolu isə subyektiv protokollardan real peşəkar nəticələrə – şagirdin inkişafına, müəllimin metodikasına və prosesin şəffaflığına – keçiddədir. Yalnız bu zaman həm müəllimlərin əmək hüquqları, həm də uşaqların keyfiyyətli təhsil almaq hüququ daha etibarlı şəkildə qoruna bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.