Təhsil və turizm sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub
Mingəçevir Turizm Kollecinin 20 illik fəaliyyəti münasibətilə təşkil olunan forumda dövlət, təhsil və özəl sektor nümayəndələri yeni tərəfdaşlıq imkanlarını dəyərləndiriblər.
Mingəçevir Turizm Kollecinin 20 illik yubiley tədbirləri çərçivəsində 30 oktyabr 2026-cı il tarixində Kür Olimpiya Tədris-İdman Mərkəzi “Arena Hotel Kür”də “Təhsil və Turizm Forumu” baş tutub. “Təhsil və turizm sahəsində perspektivlər, problemlər və həllər” mövzusuna həsr olunan forumda dövlət qurumları, ali və orta ixtisas təhsili müəssisələri, turizm və hotelçilik sektoru, eləcə də özəl şirkətlərin nümayəndələri iştirak ediblər.
Forumun əsas məqsədi təhsil və turizm sahələrinin inkişaf perspektivlərini müəyyənləşdirmək, mövcud problemləri müzakirə etmək, həll yollarını araşdırmaq, təhsil müəssisələri ilə turizm sektoru arasında əməkdaşlığı genişləndirmək və yeni tərəfdaşlıq imkanlarını inkişaf etdirmək olub.
Tədbirdən əvvəl Dövlət Turizm Agentliyinin əməkdaşları, Mingəçevir şəhərinin ictimai-siyasi və inzibati qurumlarının rəhbərləri, turizm sənayesinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Forum tələbələrin əl işləri və rəsmlərindən ibarət sərgiyə baxışla başlayıb. Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqlərində Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin təhsil və təlim sektorunun müdiri Günay Fərzəliyeva, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Azər Hüseynov, UNEC-in Zaqatala filialının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Raqif Qasımov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, “Job in Global” MMC-nin təsisçisi Ceyhun Sabirli və “HTech Invest” MMC-nin baş icraçı direktoru Lətif Məhərrəmov çıxış ediblər.
Natiqlər təhsil və turizmin inkişafı, müasir tələblərə uyğun mütəxəssis hazırlığı, əmək bazarı ilə təhsil arasında əlaqələrin gücləndirilməsi, dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyəti və Mingəçevir Turizm Kollecinin 20 illik fəaliyyəti ərzində peşəkar kadr hazırlığına verdiyi töhfələri vurğulayıblar.
İki paneldən ibarət forumda Dövlət Turizm Agentliyinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, alimlər və sənaye nümayəndələri mövzular ətrafında geniş müzakirələr aparıblar. İştirakçılar sorğu anketlərini cavablandırıb, sonda tələbələr öz əl işlərini panel spikerlərinə və tərəfdaşlara hədiyyə ediblər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.