YAP Mingəçevir şəhər təşkilatında jurnalistlərlə səmimi görüş
Milli Mətbuat və Jurnalistika Günü münasibətilə YAP Mingəçevir şəhər təşkilatı media təmsilçilərini bir araya gətirib. Görüşdə Azərbaycan mətbuatının zəngin ənənələrindən, cəmiyyətin həyatında yerli medianın rolundan danışılıb
22 İyul – Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatında şəhər və Aran bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. Səmimi və dostluq şəraitində baş tutan tədbirdə milli mətbuatın keçdiyi inkişaf yolu, regional medianın fəaliyyəti və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və fəaliyyətlərində nailiyyətlər arzulayıb.
Çay süfrəsi arxasında davam edən görüşdə Bəxtiyar Mustafayev bildirib ki, “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bu gün də öz zəngin ənənələrini uğurla yaşadır. Onun sözlərinə görə, Mingəçevir və Aran bölgəsində çalışan jurnalistlər operativliyi, obyektivliyi və dövlətçilik maraqlarına sadiq fəaliyyətləri ilə cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm töhfə verirlər.
Təşkilat sədri YAP Mingəçevir şəhər təşkilatı ilə yerli media arasında formalaşan qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərindən də danışaraq bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Görüşdə iştirak edən yerli qəzetlərin baş redaktorları, informasiya agentliklərinin və xəbər portallarının bölgə müxbirləri yaradılan səmimi mühitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar media ilə ictimai institutlar arasında belə görüşlərin qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd ediblər.

Tədbirin sonunda media nümayəndəsinə təşəkkürnamələr, xatirə hədiyyələri və gül dəstələri təqdim olunub.
Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.