Mingəçevirin ilk data-jurnalistika platforması!

Mingəçevir Bələdiyyəsi media nümayəndələrini qəbul edib

1

22 İyul – Milli Mətbuat və Jurnalistika günü münasibətilə Mingəçevir Bələdiyyəsində şəhərdə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib. Tədbirdə bələdiyyə üzvləri, qulluqçular və yerli KİV təmsilçiləri iştirak ediblər.

Bələdiyyə sədri Anar İsmayılov tədbirə toplaşanları peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin ölkəmizin mətbuat tarixində xüsusi yerindən və milli mətbuatın keçdiyi şərəfli inkişaf yolundan danışıb.

Anar İsmayılov çıxışında Mingəçevir Bələdiyyəsinin son dövrlərdə həyata keçirdiyi layihələr, eləcə də qarşıdakı dövrdə icrası nəzərdə tutulan sosial, ekoloji və yerli iqtisadi inkişaf proqramları barədə media nümayəndələrinə ətraflı məlumat verib. O, KİV-in  bələdiyyənin fəaliyyətini operativ, obyektiv və şəffaf şəkildə ictimaiyyətə çatdırmaq istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Çay süfrəsi arxasında davam edən səmimi görüşdə  Fərman Nəbiyev, İnqilab Şirinli, İxtiyar Həsənli, Mirsədi Daşdəmirov, Yusif Ələkbərov və Yeganə Nəbiyeva çıxış edərək Milli Mətbuat və Jurnalistika günü münasibətilə təşkil olunan görüşün əhəmiyyətini vurğulayıb, media nümayəndələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Görüş zamanı media ilə bələdiyyə arasında əməkdaşlığın perspektivləri və şəhərin ictimai həyatının işıqlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda  şəhərin media nümayəndələrinə Mingəçevir Bələdiyyəsinin təşəkkürnamələri və xatirə hədiyyələri təqdim olunub.

Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.

Ana Geri Haqqımızda Əlaqə