MDU-da mətbuat günü: təhsilin keyfiyyəti və medianın rolu müzakirə edildi
Səmimi şəraitdə keçən tədbirdə media ilə təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, xüsusilə orta təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulandı
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mingəçevir Dövlət Universitetində (MDU) bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüş mənim üçün bir neçə səbəbdən əhəmiyyətli oldu. Bayram tədbirləri ilə bağlı vaxtın az olmasına baxmayaraq, təhsil sahəsində mövcud çağırışlar, orta təhsilin keyfiyyətinin yüksəldilməsi və bu istiqamətdə medianın maarifləndirici rolu əsas müzakirə mövzusuna çevrildi.
Media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edən rektor Anar Eminov Azərbaycan təhsil sisteminin inkişaf istiqamətlərindən, bu sahədə qarşıda duran vəzifələrdən danışdı, media mənsublarından gözləntilərini də gizlətmədi: “Cəmiyyət üçün aktual olan təhsil problemlərinin araşdırılması və ictimai müzakirəyə çıxarılmasında medianın üzərinə mühüm məsuliyyət düşür”.
Xüsusilə orta təhsilin keyfiyyətinin artırılması məsələsinə toxunan rektor bizi bu istiqamətdə araşdırmalar aparmağa, mövcud problemləri obyektiv şəkildə işıqlandırmağa çağırdı: “Təhsil sahəsində aparılan islahatların uğuru cəmiyyətin, xüsusilə medianın fəal dəstəyi ilə möhkəmlənə bilər”.
Mən və həmkarlarım da təhsil sahəsində mövcud vəziyyət və medianın bu istiqamətdəki fəaliyyətinə dair fikirlərimizi bölüşdük. Əsasən orta məktəblərdə repetitorluqdan asılılığın azaldılması, məktəbdaxili tədrisin keyfiyyətinin yüksəldilməsi və ictimai maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğuladıq. Nəzərə çatdırdım ki, bu istiqamətdə əsas diqqət valideynlərin maarifləndirilməsinə yönəldilməlidir: “Bir çox valideynlər keyfiyyətli təhsilin yalnız repetitor vasitəsilə mümkün olduğunu düşünürlər. Halbuki onlar məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi ilə bağlı direktor və müəlim qarşısında daha tələbkar mövqe nümayiş etdirməlidirlər”.
Müzakirələrə münasibət bildirən Anar Eminov isə qeyd etdi ki, ölkənin ayrı-ayrı bölgələrində əldə olunan nəticələrin müqayisəsi müəyyən təhlillər aparmağa əsas verir: “Ümumtəhsil məktəblərinin fəaliyyətinin yekunu Dövlət İmtahan Mərkəzinin, ali təhsil müəssisələrinin hazırlıq səviyyəsi isə müəllimlərin işə qəbulu imtahanlarının göstəriciləri əsasında dəyərləndirilə bilər. Bu faktlar bizə deməyə əsas verir ki, Şəki şəhərinin ümumtəhsil məktəblərində təhsil nəticələri Mingəçevirlə müqayisədə daha yüksəkdir”.
Təhsildə, xüsusən universitetlərdə vəzifəli şəxslərin və müəllimlərin rüşvətə bulaşması, MDU-da öz potensialı ilə işləmək və oxumaq istəməyənlərə qarşı yürüşə başlanması, bu səbəbdən bəzi tələbələrin təhsilini başqa ali məktəblərə dəyişməsi, girişdə “üz tanıma”nın tətbiqindən sonra adı universitetdə, özü kənarda olanların üzə çıxması kimi məsələlər barədə açıq danışıldı.
P.S.Bilmirəm, Milli Mətbuat və Jurnalistika Gününə toplaşanlar bundan sonra təhsillə bağlı ciddi araşdırma edəcəklər, ya yox, amma mənim üçün yeni mövzulara fürsət yarandı. Təki sağlıq olsun.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.