Mingəçevir bələdiyyəsi hesabat verdi: Sosial dəstək və abadlıq işləri ön planda
Yerli Bələdiyyə yarım ildə vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq, şəhəri daha yaşıl və komfortlu etmək istiqamətində atdığı addımları ictimaiyyətlə paylaşıb. Sədr Anar İsmayılovun məruzəsində sosial müdafiə, infrastruktur və beynəlxalq əməkdaşlıq məsələləri xüsusi yer alıb.
Mingəçevir Bələdiyyəsi 2026-cı ilin yanvar-iyun aylarını əhatə edən fəaliyyətini geniş təqdimatla yekunlaşdırıb. Yığıncaq şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla açılıb.
Bələdiyyə sədri Anar İsmayılov diqqətə çatdırıb ki, son altı ay ərzində vətəndaşlardan daxil olan müraciətlərə çevik reaksiya göstərilməsi prioritet olub. Eyni zamanda şəhər əhalisinin, xüsusilə şəhid ailələri, qazilər, aztəminatlı və həssas təbəqələrə yönəlik sosial dəstək proqramları genişləndirilib.
Abadlıq və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində işlər aparılıb. Gənclər, qadınlar və könüllülərin fəal iştirakı ilə maarifləndirici seminarlar, mədəni tədbirlər və idman yarışları təşkil olunub.
Anar İsmayılov maliyyə intizamına ciddi əməl olunduğunu, büdcə gəlirlərinin artırılması üçün əlavə mexanizmlərin tətbiq edildiyini və bütün proseslərdə şəffaflığın təmin olunduğunu da vurğulayıb. Beynəlxalq tərəfdaşlıqlar çərçivəsində səfərlər və reallaşdırılacaq layihələr də hesabat dövrünün uğurlarından biri kimi dəyərləndirilib.
Gələcək planlardan danışan sədr sosial-iqtisadi inkişaf layihələrinin davam etdiriləcəyini, infrastrukturun modernləşdirilməsinin prioritet qalacağını, vətəndaş məmnunluğunun yüksəldilməsi və ictimai iştirakın genişləndirilməsi istiqamətində yeni addımlar atılacağını da qeyd edib.
Yığıncaqda Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Rəsul Paşayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, QHT nümayəndələri Fərman Nəbiyev və Çingiz Nəzərov, həmçinin məhəllə komitələrinin üzvləri Etibar Qafarov və Rüstəm Ömərov hesabatla bağlı rəy və təkliflərini irəli sürüblər.
Əksəriyyət Mingəçevir Bələdiyyəsinin 2026-cı ilin birinci yarımili üzrə fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.