Mingəçevirdə milli mətbuatın inkişaf yolu müzakirə olunub
Mingəçevir Şəhər İcra Hakimiyyətində keçirilən dəyirmi masada media nümayəndələri, ictimaiyyət təmsilçiləri və rəsmi şəxslər Azərbaycan mətbuatının 151 illik inkişaf yoluna nəzər salıb, jurnalistikanın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar
Azərbaycan Milli Mətbuatının 151-ci ildönümü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətində dəyirmi masa təşkil olunub. İcra Hakimiyyəti başçısının birinci müavini Məhluqə Cavadova İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun və kollektivin təbriklərini media nümayəndələrinə çatdırıb. O, Azərbaycan milli mətbuatının keçdiyi 151 illik inkişaf yolundan, cəmiyyətin məlumatlandırılması, milli-mənəvi dəyərlərin təbliği və ictimai rəyin formalaşdırılmasında kütləvi informasiya vasitələrinin rolundan danışıb. Qeyd edib ki, onlar şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının operativ və obyektiv işıqlandırılmasına mühüm töhfə verirlər.
Diskussiya formatında davam edən tədbirdə mətbuat və ictimaiyyət nümayəndələri – Mirsədi Daşdəmirov, Ehtiram Muradlı, İnqilab Şirinli, Azər Hacıyev, Hikmət Kərimov, Fərman Nəbiyev, Mirzə Cavadov, Rizvan Mikayıllı, Vaqif Sadıxov, Elşən Əzim, Yusif Ələkbərov, Mətanət Məmmədova və başqaları Azərbaycan milli mətbuatının maarifçilik ənənələrindən, müasir medianın qarşısında duran vəzifələrdən, eləcə də yerli medianın şəhərin inkişaf proseslərinin işıqlandırılmasındakı rolundan bəhs ediblər.
Çıxışlarda milli mətbuatın cəmiyyətin həyatındakı əhəmiyyəti vurğulanıb, media sahəsinin inkişafı ilə bağlı fikir və təkliflər səsləndirilib.
Sonda Məhluqə Cavadova media nümayəndələrinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin xatirə hədiyyələrini təqdim edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.