Azərbaycan və Avropa İttifaqı: Strateji əməkdaşlıqda yeni mərhələ
Bakı ilə Brüssel arasında yüksək səviyyəli dialoq və qarşılıqlı səfərlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ölkəmizin regional liderliyi və enerji sahəsində etibarlı tərəfdaşlığı Brüssel üçün Azərbaycanın əhəmiyyətini artırır.
Azərbaycan bu gün Cənubi Qafqazın lider ölkəsi kimi qəbul edilir. Regional sabitlik, sülh təşəbbüsləri və genişmiqyaslı infrastruktur layihələri sayəsində Bakı bölgənin gələcəyinə dair əsas ideyaların formalaşdığı mərkəzə çevrilib. Coğrafi üstünlüyünü güclü dövlət siyasəti və müasir infrastruktur vasitəsilə reallaşdıran Azərbaycan həm regional, həm də qlobal bağlantıların vacib dayaqlarından biridir.
Enerji təhlükəsizliyi sahəsində Azərbaycan Avropanın etibarlı tərəfdaşı statusunu təsdiqləyib. Xüsusilə enerji böhranı dövründə öhdəliklərini vaxtında və uğurla yerinə yetirməsi bu mövqeyi daha da möhkəmləndirdi. Eyni zamanda ölkə yaşıl enerji keçidində də fəal rol oynayır. Mərkəzi Asiya ilə birgə irəli sürdüyü layihələr Avropanın yeni enerji xəritəsində regionumuzun əhəmiyyətini artırır.
İqtisadi baxımdan Azərbaycan Cənubi Qafqazın əsas lokomotivi olaraq qalır. Ardıcıl islahatlar, açıq iqtisadi siyasət və uzunmüddətli inkişaf strategiyası ölkəni gələcəyə hazır vəziyyətə gətirib. Davamlı sülhün iqtisadi əməkdaşlıqla möhkəmləndirilməsi, xüsusilə sərhəd bölgələrinin inkişafı regionda uzunmüddətli sabitlik üçün ən sağlam zəmindir.
Bütün bunlar Azərbaycanın qlobal güclərlə balanslı və məqsədyönlü xarici siyasət yeritdiyini bir daha təsdiqləyir. Beynəlxalq nüfuzunun ardıcıl artması məhz bu uğurlu diplomatiyanın nəticəsidir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.