Pestisidlərin təhlükələri: Tərtərdə maarifləndirici tədbir
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində “Ekoloji İnformasiya” İctimai Birliyinin təşkilatçılığı ilə pestisidlərin təhlükəsiz istifadəsinə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Pestisidlərin təhlükələri barədə ictimai maarifləndirmə təşəbbüsü” layihəsi kənd icmalarında kimyəvi preparatlardan düzgün və təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılmasına yönəlib. Seminarı “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı giriş sözü ilə açıb. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Musa Muradlı çıxışında layihənin əsas məqsədini vurğulayaraq qeyd edib ki, pestisidlərin insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərinin qarşısının alınması üçün əhalinin maarifləndirilməsi vacibdir. O, ölkədə vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqətə görə Prezident İlham Əliyevə, maliyyə dəstəyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, həmçinin təşkilati dəstəyə görə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova və kollektivinə təşəkkürünü bildirib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev belə tədbirlərin kənd təsərrüfatının inkişafı, ətraf mühitin qorunması və əhalinin sağlamlığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Layihənin eksperti Xosrov Musayev pestisidlərin düzgün tətbiqi, təhlükəsizlik qaydaları, fərdi mühafizə vasitələrindən istifadə, preparatların saxlanılması və utilizasiyası mövzularında ətraflı təqdimatla çıxış edib. Tədbirdə həmçinin Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Bitki mühafizəsi üzrə baş mütəxəssis Fizuli Əzimov və fermer Saday Əzimov da iştirak edərək praktiki təcrübələrini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, pestisidlərdən düzgün istifadə yalnız məhsuldarlığı artırmır, eyni zamanda torpaq və su ehtiyatlarını qoruyur, insan sağlamlığı üçün potensial riskləri minimuma endirir.
Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb. Seminarın sonunda pestisidlərdən təhlükəsiz istifadə qaydalarına həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirilib. İştirakçılara layihə çərçivəsində hazırlanmış dəftərxana ləvazimatları paylanıb və çay süfrəsi təşkil olunub.
Bu cür maarifləndirici tədbirlər ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı kənd təsərrüfatı modelinin formalaşmasına töhfə verməkdə davam edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.